Sosioloq: "Boşanmalar artdıqca təbii artım da zəifləyir"
Azərbaycanda əhalinin təbii artımı son illərdə zəifləyib. Statistik göstəricilər göstərir ki, son 7 tədris ilində I sinfə gedən uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu vəziyyət ölkədə demoqrafik problemlərin meydana gəlməsinə səbəb ola bilər.
Azərbaycanda demoqrafik problemin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Sosioloq Üzeyir Şəfiyev bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, təhsil və mədəni səviyyə yüksəldikcə, ailə planlamasında da az uşağa üstünlük daha çox verilir:
“Təbii artım əslində dünyanın bir çox ölkələrində geriləmə və ləngimə ilə müşahidə olunur. Çox az ölkələr var ki, orada təbii artım hələ də yüksək dinamika ilə müşahidə olunur. Amma bütövlükdə Azərbaycanda da təbii artım həmişə yüksək dinamika ilə müşahidə olunub. Təəssüflər olsun ki, son bir neçə ildə ölkəmizdə təbii artımda ləngimə müşahidə olunur.
Baxmayaraq ki, Azərbaycan Cənubi Qafqaz ölkələrində də təbii artımın inkişafına görə hələ də irəlidədir, amma Azərbaycanda son bir neçə ildə ləngimə var. Bir vaxtlar bizdə, məsələn, çoxuşaqlı ailələr təşviq olunurdu və o ailələr trend idi, həm sovet dövrünə qədər, hətta sovet dövründə müharibədə olan itkilərin yerini doldurmaq üçün çoxuşaqlı ailələrin təşviqi məqsədilə sosial dəstək proqramları var idi, məsələn, “uşaq pulu” adlanan sosial müavinətlər verilirdi. Çoxuşaqlı ailələrə əlavə imtiyazlar verilirdi, eyni zamanda “Qəhrəman ana” statusu müəyyənləşdirilmişdi. Belə təşviq siyasəti ilə təbii artım dəstəklənir, stimullaşdırılırdı və buna görə də təbii artımda dinamika olurdu, çoxuşaqlı ailələr bir trendə çevrilmişdi.
Sovet İttifaqı fiaskoya uğrayandan sonra insanlar açıq dünyaya inteqrasiya olundu, Qərbə, Avropaya gedib-gəliş edildilər və gördülər ki, çoxuşaqlı ailələr Avropada trend deyil. İnsanlar “Az uşaq olsun, keyfiyyətli uşaq olsun” düşüncəsinə gəldilər. Bu həm də əhalinin həm də mədəni və təhsil səviyyəsinin artması ilə izah olunur.
Yeni təhsil və mədəni səviyyə yüksəldikcə, insanlar ailə planlamasında da az uşağa üstünlük verməyə başlayırlar.. Ailə planlaması düşüncə dəyişikliyindən asılıdır: az uşaq, amma uşağı yaxşı böyütmək, uşağa təhsil vermək, mənzilləndirmək, karyerasını qurmağa kömək etmək və s. Buna görə də 1-2 uşağa ən yaxşı halda, 3 uşağa üstünlük verilir. Hal-hazırda Azərbaycanda statistika göstərir ki, 2 uşaqlı ailələr üstünlük təşkil edir.
Sosial xidmət haqqında dövlət proqramının preambulasında qeyd olunmuşdu ki, son 22 il ərzində Azərbaycanda əhalinin sayı 26,4 faiz artıb, amma ahılların sayı 99,4 faiz artıb. Hətta statistika göstərir ki, son 5 ildə Azərbaycan əhalisi 38 min azalma müşahidə olunub və son 7 ildə tədris ili ərzində 1-ci sinfə gedən şagirdlərin sayında da xeyli azalma var. Təqribən 30–32 min azalmadan söhbət gedir.
Yəni, ümumilikdə təbii artımda ləngimə və bu ailə uyğunlaşması ilə bağlı, ailə düşüncəsinin dəyişməsi ilə formalaşır. Artıq insanlar daha rahat yaşamağa üstünlük verirlər. Həm də düşünürlər ki, uşağı tək dünyaya gətirmək deyil, onların problemlərini təmin etmək vəzifəsi var. Ona görə də insanlar bu qayğının altına girmək istəmirlər.
Digər tərəfdən, təbii artımın azalmasının səbəbi gənclər arasında evlənməyə, ailə qurmağa marağın azalmasıdır. Bu həm də insanlarda eqoist düşüncənin yaranması ilə müqayisə oluna bilər. Eyni zamanda, boşanmaların statistikasının artması da təbii artıma mənfi təsir göstərir. Boşanmalar çoxaldıqca təbii artım da azalır”.
Ü. Şəfiyev insanların təbii artıma cəlb edilməsi üçün həvəsləndirici, demokratik sosial dəstək proqramlarına ehtiyac olduğunu vurğulayıb:

Hətta görürük ki, təbii artımda ləngimə bu cür davam etsə, əlbəttə ki, həm səfərbərliklə bağlı, həm əmək bazarında, həm də bundan daha narahatedici məqam təbii artımın azalması ilə mexaniki artımın yüksəlməsi ilə müşahidə oluna bilər. Bu da Avropanı təhdid edən miqran ekspansiyası ilə bizi qarşı-qarşıya qoya bilər. Necə ki, Avropa ölkələri miqran ekspansiyası ilə bağlı hayqırırlar ki, bu zaman əziyyət çəkirlər.
Eyni zamanda əmək bazarında işçi qüvvəsi baxımından da təhlükə yaradır. Həm də təbii artımda dinamika bizə ona görə lazımdır ki, ölkələrin dövlətlərin qüdrəti, keyfiyyəti, əhali potensialı ilə ölçülür. Yəni əhali nə qədər gəncdirsə, sağlamdırsa, bu keyfiyyətli əhali sayılır.
İndiki halda Azərbaycanda gənclərin ümumi əhali içərisində çəkisi təqribən 21–22 faiz təşkil edir. Bu gənclərdə də son 10 ildə sayında azalma var. Yeni doğulanların sayı azaldıqca gənclərin sayı azalır, əksinə ahılların sayı çoxalır. Bu həm də əhalinin qocalması sindromunu yarada bilər. Yeni, yaşlı əhali sayılır. Azərbaycanda, düzdür, sosial xidmət haqqında qanuna görə, ahıl yaşı 70 sayılır, amma 65 yaşdan yuxarı bizdə 11 faiz təşkil edir.
İnsanları təbii artıma cəlb etmək üçün həvəsləndirici, demokratik sosial dəstək proqramlarına ehtiyac var. Məsələn, qardaş Türkiyədə 2025-ci il “Ailə ili” elan olunub. Bu çərçivədə gənc ailələr mənzillənməsi üçün güzəştli kreditlərlə təmin edilir, faizsiz, 4 il ərzində hissə-hissə ödəməyə başlanır. Yaxud gənc ailələrin toy xərclərini bələdiyyələr və dövlət qarşılayır. Gənclərin məşğulluğu üçün fondlar yaradılır ki, işləsinlər və ailə qurmağı düşünsünlər.
Yaxşı olardı ki, “uşaq pulu” adlanan sosial müavinətləri bərpa etmək olar. Parlamentdə müzakirə olunan çoxuşaqlı ailələri sayını 5 uşaqdansa 3 uşağa endirmək, yəni 5 uşaqlı ailələrə şamil olan imtiyazların 3 uşaqlı ailələrə də şamil olunması, gənc ailələr üçün 3 uşağa üstünlük verilməsinə gətirib çıxaracaq. Belə tədbirlərə zərurət varsa, dövlətimiz həqiqətən təbii artıma ehtiyac olduğu zaman bu cür addımlar atacaq.
Bizim məqsədimiz ölkəmizin həmişə əhali ilə təmin olunması, gənc və sağlam ailələrin olması, təbii artımın dayanıqlı inkişaf etməsi və ölkəmizin qarşısına qoyduğu hədəflərə çatmaq üçün gənclərə ehtiyacın təmin olunmasıdır”.
Cəmilə Cəfərzadə






