Soyuq hava əhvalımızı “dondurur”? - AÇIQLAMA
“Son günlər müşahidə olunan kəskin soyuqlar və hava şəraitindəki ani dəyişikliklər təkcə fiziki sağlamlığa deyil, insanın psixoloji vəziyyətinə də birbaşa təsir göstərir. Psixoloq olaraq müşahidələrim və elmi yanaşmalar göstərir ki, iqlim faktorları emosional tarazlıq üzərində mühüm rol oynayır”.
Bu fikirləri Patrul.az-a açıqlamasında psixoloq Fidan Azərqızı səsləndirib.
Onun sözlərinə görə, soyuq mövsümlərdə gün işığının azalması beyində emosional vəziyyətin tənzimlənməsində mühüm əhəmiyyət daşıyan serotoninin səviyyəsinin azalmasına səbəb olur:
“Bu dəyişiklik əhval-ruhiyyədə eniş, motivasiya itkisi və emosional həssaslığın artması ilə özünü göstərə bilər. Xüsusilə mövsümi affektiv pozuntuya meyilli şəxslərdə bu hallar daha nəzərəçarpan olur.
Aşağı temperatur orqanizm üçün stres faktoru hesab olunur. Bədənin istilik balansını qorumaq üçün sərf etdiyi əlavə enerji ümumi yorğunluq hissini artırır. Uzunmüddətli yorğunluq isə psixoloji gərginlik, əsəbilik və emosional tükənmə hallarına zəmin yarada bilər. Eyni zamanda, ani hava dəyişiklikləri zamanı atmosfer təzyiqinin dəyişməsi vegetativ sinir sisteminə təsir edərək narahatlıq, diqqət pozuntuları və daxili gərginlik yarada bilər”.

Psixoloq söyləyib ki, qış mövsümündə sosial aktivliyin azalması da psixoloji vəziyyətə təsir edən əsas amillərdəndir:
“İnsanların açıq havada keçirdiyi vaxtın və sosial ünsiyyətin azalması bəzi hallarda tənhalıq hissini gücləndirə bilər.
Bununla yanaşı, psixoloq olaraq xüsusi vurğulamaq istərdim ki, soyuq hava hər kəs üçün mənfi təsir mənbəyi deyil. Bəzi insanlar üçün qış mövsümü psixoloji baxımdan daha komfortlu və balanslıdır. Bu fərqlilik əsasən fərdi temperament xüsusiyyətləri və sinir sisteminin reaksiyası ilə izah olunur”.
Həmsöhbətimiz qışda özünü daha xoşbəxt hiss edən şəxslərdən də söz açıb:
“Daha sakit və reflektiv psixoloji quruluşa malik şəxslər üçün qışın ritmi və ətraf mühitdəki stimulların azalması daxili sakitliyin və fokuslanmanın artmasına şərait yaradır. Bu insanlar isti və aktiv hava şəraitində yaşanan emosional yüklənməni qış mövsümündə daha az hiss edirlər.
Eyni zamanda, qış mövsümü bəzi şəxslərdə təhlükəsizlik, sakitlik və nostalji kimi müsbət emosional assosiasiyalar formalaşdırır. Bu assosiasiyalar beyində mükafat mexanizmlərini aktivləşdirərək psixoloji rahatlıq və məmnunluq hissini gücləndirir. Fizioloji baxımdan isə aşağı temperatur zamanı noradrenalin səviyyəsinin artması diqqətin və zehni ayıqlığın yüksəlməsinə müsbət təsir göstərə bilər”.
“Son olaraq, soyuq hava və ani iqlim dəyişikliklərinin insan psixologiyasına təsiri fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir. Əsas məqsəd insanın öz psixoloji ehtiyaclarını və emosional reaksiyalarını düzgün tanımasıdır. Psixoloji vəziyyətdə uzunmüddətli narahatlıq və əhval dəyişiklikləri müşahidə edildikdə isə mütəxəssisə müraciət edilməsi vacib hesab olunur”, – deyə o əlavə edib.
Ləman Sərraf






