media-inshot_20251230_144459481

Son dövrlərdə sosial şəbəkələrdə müxtəlif növ soyuq silahların – bıçaq, xəncər, kastet və oxşar alətlərin açıq və ya gizli şəkildə satışına dair elanların sayı artmaqdadır. Bu cür paylaşımlar cəmiyyətin təhlükəsizliyi, xüsusilə də gənclər arasında zorakılıq riskləri baxımından narahatlıq doğurur. Onlayn platformalarda nəzarətsiz satış imkanlarının genişlənməsi isə mövcud qanunvericiliyin bu sahədə necə tətbiq olunduğu ilə bağlı suallar yaradır.

Bəs sosial şəbəkələrdə soyuq silahların satışı qanunidirmi və bu cür hallara görə hansı hüquqi cəzalar tətbiq olunur?

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, soyuq silahların sosial şəbəkələrdə icazəsiz satışı qanunsuzdur və hüquqi məsuliyyətə səbəb olur:

“Son illərdə sosial şəbəkələr və onlayn platformalar vasitəsilə müxtəlif malların, o cümlədən soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışı halları artmaqdadır. Bu isə haqlı olaraq belə bir sual yaradır: sosial şəbəkələrdə soyuq silahların satışı qanunidirmi və buna görə hansı hüquqi cəzalar tətbiq olunur?

Mövcud qanunvericilik bu suala birmənalı cavab verir.

Soyuq silah anlayışı və hüquqi yanaşma

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “soyuq silah” anlayışı ayrıca maddədə izah edilməsə də, zərər vurmaq üçün xüsusi hazırlanmış kəsici, deşici və ya zərbə vasitələri hüquq tətbiqetmə praktikasında soyuq silah kimi qiymətləndirilir.

Bu cür əşyaların dövriyyəsi ictimai təhlükəsizliklə birbaşa bağlı olduğundan, dövlət tərəfindən ciddi şəkildə tənzimlənir.

Sosial şəbəkələrdə satışın hüquqi qiymətləndirilməsi

Qanunvericiliyə əsasən soyuq silahın icazəsiz əldə edilməsi, satılması və ya gəzdirilməsi qanunsuz hesab olunur”.

media-img-20251218-wa0006-1

N.Əliyev sosial şəbəkədə soyuq silahın satışı qanunsuz sayıldığını və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə ictimai işdən azadlıqdan məhrumetməyə qədər cəza ilə nəticələnə biləcəyini vurğuladı:

“Satışın sosial şəbəkə və ya internet saytı vasitəsilə həyata keçirilməsi əməlin hüquqi mahiyyətini dəyişmir. Həm satıcı, həm də alıcı cinayət məsuliyyəti daşıya bilər.

Yəni sosial şəbəkədə elan yerləşdirmək, alqı-satqı barədə razılaşma əldə etmək və ya faktiki satış həyata keçirmək qanunsuz silah dövriyyəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən:

Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – cinayət məsuliyyəti yaradır.

Bu maddə ilə aşağıdakı cəzalar nəzərdə tutulur:

320 saatdan 400 saatadək ictimai işlər;

2 ilədək islah işləri;

1 ilədək azadlığın məhdudlaşdırılması;

1 ilədək azadlıqdan məhrumetmə.

Cəzanın növü və həcmi məhkəmə tərəfindən əməlin xarakteri və şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir”.

Hüquqşünasın sözlərinə görə, qanun yalnız məhdud istisnaları nəzərdə tutur və qanunsuz soyuq silah könüllü təhvil verilərsə cinayət məsuliyyətindən azad edilə bilər:

“Qanun yalnız məhdud hallarda istisna nəzərdə tutur:

soyuq silahın milli geyim atributu kimi daşınması;

ovçuluq fəaliyyəti ilə bağlı olaraq gəzdirmə.

Bundan əlavə, Cinayət Məcəlləsinin xüsusi qeydinə əsasən, qanunsuz saxlanılan soyuq silah könüllü şəkildə dövlət orqanlarına təhvil verilərsə və şəxsin əməllərində başqa cinayət tərkibi olmazsa, o, cinayət məsuliyyətindən azad edilir. Bu norma preventiv xarakter daşıyır və qanunsuz silah dövriyyəsinin qarşısının alınmasına xidmət edir.

Sosial şəbəkələrdə yayılan belə elanlara qarşı diqqətli olmaq, təhlükəsizlik və ictimai nizam-intizamı qorumaq baxımından vacibdir. Hər hansı qanunsuz elan aşkar etdikdə, bu barədə polis və ya səlahiyyətli dövlət orqanlarına rəsmi qaydada məlumat vermək tövsiyə olunur”.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər