Taksilərin avtobus zolağına buraxılması tıxacı azalda bilərmi? - EKSPERT RƏYİ
“Taksilərin avtobus zolaqlarına buraxılması, avtomatik olaraq özəl nəqliyyat vasitələrinin sayını azaltmayacaq. Bu addımın effekti, əsasən, bu imtiyazın necə və kimlər üçün tətbiq olunacağından asılı olacaq.”
Bu fikirləri nəqliyyat eksperti Eldəniz Cəfərov Patrul.az-a taksilərin avtobus zolağına buraxılmasının tıxac problemini həll edib-etməyəcəyi barədə danışarkən səsləndirib.
O bildirib ki, taksilərin avtobus zolaqlarına buraxılmasında müəyyən risklər mövcuddur:
“Məsələn, hamımız bilirik ki, avtobus zolaqları ictimai nəqliyyat üçün prioritetdir. Əgər həmin zolaqlara çoxlu sayda taksi buraxılarsa, bu, avtobusların hərəkət sürətinin azalmasına səbəb olacaq. Nəticədə, avtobuslar arasında interval (vaxt fərqi) artacaq, sərnişinlər dayanacaqlarda daha çox gözləməli olacaqlar, narazılıq yaranacaq. Bu isə ictimai nəqliyyatın cəlbediciliyini azaldacaq.
Belə olan halda, insanlar yenidən şəxsi avtomobillərə üstünlük verməyə başlayacaqlar. Yəni, bir zolaqda problemi həll etmək adı ilə digər zolaqda yeni risklər yaratmaq deməkdir”.

Ekspertin sözlərinə görə, taksilərin avtobus zolağına buraxılması məsələsi dərindən təhlil edilməli, bütün risklər nəzərə alınmalıdır:
“Bu qərar müəyyən şərtlərlə həyata keçirilə bilər. Məsələn, taksi bu zolaqda hərəkət zamanı heç bir halda avtobusu ötməməlidir. Eyni zamanda düşünmürəm ki, pik saatlarda taksilərin avtobus zolağına buraxılmasının müsbət təsiri olsun. Bütün bunlar öz-özlüyündə taksi xidmətinin yaxşılaşmasına gətirib çıxaracaq. Taksi xidməti daha da sürətlənə bilər. Əgər taksilər avtobus zolağı ilə hərəkət edərsə, insanların bir qismi taksilərə üstünlük verəcək. Çünki şəxsi avtomobillə getməkdənsə, taksi vasitəsilə avtobus zolağında hərəkət etmək daha əlverişli ola bilər”.
Bir sözlə, bu qərarın icra olunması bir andaca tıxac problemini həll etməyəcək. Bu, illuziya olar. Tıxac problemini həll etmək üçün daha çox ictimai nəqliyyata üstünlük verilməli, mərhələ və əsaslı planlama ilə avtomobildən asılılıq azaldılmalıdır. Digər bütün qərar və addımlar tıxac probleminin həllində yardımçı rol oynayır”,– deyə o əlavə edib.
Ləman Sərraf






