media-1c02a969-86e9-45a8-b780-d85869cd7005

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, bu platformalarda davam edən bəzi etik problemlər cəmiyyətimiz üçün ciddi təhlükələr yaradır. Bu problemlərin başında isə bəzi kişilərin tanımadıqları qadınlara sosial mediada tanışlıq və yazışma məqsədilə mesaj göndərməsi gəlir. Həmin davranış həm şəxsi sərhədlərin pozulmasıdır, həm də Azərbaycan cəmiyyətinin dəyərlərinə, milli mentalitetə ziddir.

Sosial media üzrə ekspert Səməndər Niftəliyev Patrulaz.az-a bildirir ki, bu cür davranışlar bir çox qadın istifadəçilər üçün narahatedici və təhdidedici xarakter daşıyır. Problem təkcə etik qaydaların pozulması ilə bitmir – bəzi hallarda ailədaxili və sosial münaqişələrin yaranmasına, hətta cinayətlə nəticələnən hadisələrə qədər gedib çıxır.

“Azərbaycan əhalisində “milli mentalitet” deyilən bir anlayış var. Bizim adət-ənənələrimizə görə, tanımadığın bir qadına bu şəkildə yaxınlaşmaq birmənalı olaraq qəbul olunmur. Qadının həyat yoldaşı, atası və ya qardaşı belə mesajları aşkar etdikdə, bu məsələni ailə şərəfi və qeyrət məsələsi kimi qəbul edərək qarşı tərəfə fiziki təzyiq göstərə və ya müxtəlif üsullarla cəzalandırmağa cəhd göstərə bilər. Bir çox belə hal sonda cinayət hadisəsi ilə nəticələnib,” – deyə ekspert vurğulayır.

Sosial mediada tanımadığı şəxslərə yazılan bu tip mesajlar, xüsusilə ailəli və ya ictimai həyatında aktiv olan qadınlara yönəldildikdə, onların şəxsi həyatına və psixoloji durumuna da mənfi təsir göstərir. Bu səbəbdən bir çox qadın ya profillərini məhdudlaşdırır, ya da platformadan tamamilə uzaqlaşmağa məcbur qalır.

Səməndər Niftəliyev bu məsələyə xüsusi vurğu edərək bildirir:

“Bir xanıma sosial media üzərindən edilən bu cür tanışlıq mesajlarının, əslində, küçədə gedən tanımadığın bir qadına yaxınlaşıb ‘tanış olaq’ deməkdən heç bir fərqi yoxdur. Sadəcə məkan virtualdır, amma narahatlıq eyni dərəcədə gerçəkdir”.

Ekspert əlavə edir ki, sosial media platformalarının bu məsələyə münasibəti hələ də yetərincə sərt deyil:

“Platformalar bu davranışlara qarşı daha təsirli addımlar atmalıdır. Ön mesaj məhdudiyyəti, qarşı tərəfin razılığı olmadan yazışma mümkün olmamalıdır. Həmçinin, təkrarlanan hallarda avtomatik blok və şikayət mexanizmləri təkmilləşdirilməlidir”.

Bu kontekstdə TikTok platforması qismən daha məsuliyyətli yanaşma nümayiş etdirir. TikTok-da standart olaraq yalnız qarşılıqlı izləyicilər bir-birinə mesaj göndərə bilir. Tanımadığın şəxslərdən mesaj alma funksiyası deaktiv olur və onu aktivləşdirmək yalnız istifadəçinin seçiminə bağlıdır. Bu, bəzi hallarda belə xoşagəlməz təcrübələrin qarşısını alır.

Cəmiyyətin dəyərlərinə uyğun olmayan bu davranış forması nəinki şəxsi sərhədləri pozur, həm də ailədaxili konfliktlərin və cinayətlərin səbəbinə çevrilə bilər. Bu səbəbdən həm istifadəçilər, həm də platformalar məsuliyyətli davranmalı, sosial medianı etik, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan mühitə çevirmək üçün addımlar atmalıdır.

 


Bənzər xəbərlər