media-qfxo2eoj_3mm8wonfzg6yqrappdoevwfdpycg6ji7a7geeubnrvg5jyb8nevqcmonqb2tcyjpcyg2cb0ldgkpofnk03yiw9ynqc37ygo5qe4oezcwubjafearoyhge73aj-kpuvsaapfjabe5hx88jtfi4cx1a5lljtbklhl5q89-2d_kggf_93xikta9zmn

Telefon danışığını qarşı tərəfin xəbəri olmadan qeydə alanların sayı az deyil. Bəziləri bunu özünü müdafiə etmək, bəziləri isə sonradan sübut kimi istifadə etmək məqsədilə edir. Bəs qanun buna hansı hallarda icazə verir, gizli səs yazısı nə vaxt hüquqi problem yarada bilər? 

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, səs yazısının qanuni olub-olmaması hər bir konkret halda şəxsi həyatın toxunulmazlığı ilə müdafiə hüququ arasında balans nəzərə alınaraq qiymətləndirilir:

“Şəxs öz telefon danışığını qarşı tərəfin xəbəri olmadan yaza bilərmi və bu yazı məhkəmədə sübut kimi istifadə oluna bilərmi?

Bu suala birmənalı “bəli” və ya “xeyr” cavabı vermək mümkün deyil. Məsələ Azərbaycan Respublikası Konstitusiyası, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, Mülki Prosessual Məcəllə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun və məhkəmə təcrübəsi birlikdə qiymətləndirilməklə həll olunur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. Eyni zamanda Konstitusiyanın 60-cı maddəsi məhkəmə müdafiəsi hüququnu və şəxsin öz hüquqlarını müdafiə etmək imkanını təmin edir. Bu iki hüquq arasında balans yaradılması zəruridir. Məhz buna görə hər bir səs yazısı ayrıca qiymətləndirilir”.

Telefon danışığını kim yaza bilər?

media-media-media-media-img-20260513-wa0031-xq12ip-0u31jc-u7a0e9

N.Əliyev qeyd edir ki, qanun öz söhbətinizi qeydə almaqla, başqasının telefon danışığını gizli yazmağı fərqli qiymətləndirir:

Hüquqi baxımdan iki vəziyyət fərqləndirilməlidir. Əgər şəxs telefon danışığının birbaşa iştirakçısıdır və öz söhbətini yazırsa, bu hal üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Belə yazının aparılması, xüsusilə öz hüquqlarının müdafiəsi, gələcək mübahisənin qarşısının alınması, təhdid və ya şantajın sübut edilməsi, borcun etirafının təsdiqi, müqavilə münasibətlərinin sübutu məqsədləri ilə həyata keçirilirsə, qanuni hesab oluna bilər. Bu halda şəxs üçüncü şəxslərin danışığını dinləmir, yalnız özünün iştirak etdiyi söhbəti qeydə alır. Əgər telefon danışığını söhbətdə iştirak etməyən üçüncü şəxs gizli şəkildə dinləyir və ya yazırsa, bu artıq tamamilə başqa hüquqi vəziyyətdir. Belə hərəkətlər yalnız qanunda nəzərdə tutulmuş hallarda, məhkəmə qərarı əsasında, səlahiyyətli əməliyyat-axtarış orqanları tərəfindən həyata keçirilə bilər. Adi vətəndaşın başqa şəxslərin telefon danışıqlarını gizli şəkildə yazması məsuliyyətə səbəb ola bilər”.

Gizli səs yazısı məhkəmədə sübut sayılırmı?

Onun sözlərinə görə, gizli səs yazısı yalnız qanuni əldə olunub, həqiqiliyi təsdiqlənərsə və iş üçün əhəmiyyət daşıyarsa, məhkəmədə sübut kimi qiymətləndirilə bilər:

Bəli, lakin həmişə deyil. Məhkəmə yazının qanuni əldə olunması, montaj edilməməsi, məzmunun həqiqiliyi, danışan şəxslərin kimliyi, iş üzrə əhəmiyyəti kimi halları qiymətləndirir. Lazım gəldikdə məhkəmə fonoskopik ekspertiza təyin edə bilər. Əgər yazı şəxsin öz hüquqlarının müdafiəsinə xidmət edirsə və qanunsuz üsulla əldə edilməyibsə, məhkəmə onu digər sübutlarla birlikdə qiymətləndirə bilər. Əgər yazı cinayətin törədilməsini göstərirsə, hədə-qorxu, şantaj və ya rüşvət tələbini təsdiqləyirsə, təqsirləndirilənin və ya zərərçəkmişin mövqeyini təsdiqləyirsə, məhkəmə həmin yazını digər sübutlarla birlikdə araşdıra bilər. Lakin bu yazının etibarlılığı ayrıca yoxlanılır”.

Hansı hallarda məsuliyyət yarana bilər?

Hüquqşünasın vurğulayır ki, öz iştirak etdiyiniz danışığı qeydə almaq daha təhlükəsiz sayılsa da, başqasının telefon danışığını gizli dinləmək, yazmaq və ya yaymaq hüquqi məsuliyyət yarada bilər:

“Şəxs başqasının telefon danışığını gizli dinlədikdə, xüsusi texniki vasitələrlə izləmə apardıqda, şəxsi həyata aid səs yazılarını qanunsuz yaydıqda, səs yazısını montaj edib saxtalaşdırdıqda, şəxsi məlumatları qanunsuz emal etdikdə hüquqi məsuliyyət riski ilə üzləşə bilər. Ən təhlükəsiz hüquqi vəziyyət yalnız öz iştirak etdiyiniz danışığı qeydə almaqdır. Başqasının telefon danışığını gizli dinləmək və yazmaq qanunsuz hesab oluna bilər. Yazını sosial şəbəkələrdə və ya media vasitəsilə yaymaq ayrıca hüquqi məsuliyyət yarada bilər. Məhkəməyə təqdim ediləcək səs yazısının orijinal faylının saxlanılması məqsədəuyğundur. Zərurət olduqda səs yazısının həqiqiliyi ekspertiza ilə təsdiq edilə bilər. Bu səbəbdən, səs yazılarından istifadə edilərkən həm şəxsi həyatın toxunulmazlığı hüququ, həm də məhkəmədə effektiv müdafiə hüququ arasında qanunvericiliyin tələb etdiyi balansın qorunması əsas prinsip kimi nəzərə alınmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər