Tətildən sonra işə necə adaptasiya ola bilərik? - PSİXOLOQ RƏYİ
Tətildən sonra işə adaptasiya olmaq bəzən çətin ola bilər, amma düzgün yanaşma ilə bu prosesi asanlaşdırmaq mümkündür.
Mövzu ilə bağlı tövsiyələrini verən psixoloq Fidan Azərqızı Patrul.az-a bildirib ki, tətildən sonra işə qayıtmaq bir çox insan üçün çətin ola bilər:
“Bunun əsas səbəbi beynimizin və emosional sistemimizin ritm dəyişməsidir. Tətil dövründə insan məsuliyyət, vaxt məhdudiyyəti və performans gözləntilərindən uzaqlaşır. Beyin daha sərbəst, rahat və mükafatyönümlü rejimə keçir. İşə qayıdanda isə birdən-birə planlama, diqqət, intizam və öhdəlik tələb olunur. Bu kəskin keçid psixoloji müqavimət yaradır. İnsan tənbəlləşdiyi üçün yox, beyni hələ əvvəlki rejimə adaptasiya etmədiyi üçün çətinlik yaşayır”.
Bəs bu vəziyyət insanın motivasiyasına necə təsir edir?
Psixoloq qeyd edib ki, tətil sonrası dövrdə motivasiya azalması çox yayğındır və bu, normal haldır:
“İnsan özünü “yorğun”, “istəksiz” və ya “işdən soyumuş” kimi hiss edə bilər. Əslində isə bu, motivasiya itkisi yox, emosional adaptasiya mərhələsidir. Beyin yenidən məsuliyyətə uyğunlaşana qədər motivasiya da gecikir”.
İşə adaptasiya prosesini asanlaşdırmaq üçün tövsiyələrini paylaşan müsahibimiz söyləyib ki, insan özündən dərhal yüksək performans gözləməməlidir:
“Adaptasiya mərhələsi üçün özünə zaman tanımaq vacibdir.
– İlk günlərdə iş yükünü mərhələli şəkildə artırın - Kiçik, real hədəflər qoyun - Günün əvvəlində ən çətin işi yox, daha yüngül tapşırıqları seçin - İş gününə qayıtmanı “cəza” kimi deyil, yenidən qurulan bir proses kimi qəbul edin.
Bu yanaşma beyində təhlükəsizlik hissini qoruyur və stres səviyyəsini azaldır”.
İnsanlar bəzən tətildən sonra özlərini günahkar hiss edirlər. Bunun səbəbi nədir?
F.Azərqızınən fikrincə, bu, əsasən daxili tələblərin və perfektsionist yanaşmanın nəticəsidir:
“”Mən dərhal məhsuldar olmalıyam”, “istəksiz olmamalıyam” kimi düşüncələr insanı psixoloji təzyiq altında saxlayır. Halbuki psixoloji baxımdan istəksizlik bəzən bədənin və zehnin verdiyi siqnaldır. Bu siqnalları dinləmək, onları inkar etməmək daha sağlam adaptasiya yaradır.
Unutmayaq ki, insan robot deyil. Hər keçid dövrü adaptasiya tələb edir. Özünüzə qarşı anlayışlı olun. Tətildən sonra işə qayıtmaq çətindirsə, bu sizin zəif olduğunuzu yox, insan olduğunuzu göstərir. Doğru yanaşma ilə bu mərhələ qısa zamanda daha balanslı və rahat şəkildə keçəcək”.
Psixoloq Fərqanə Mehmanqızı da məsələ ilə bağlı öz fikirlərini paylaşıb.
O bildirib ki, tətildən sonra insanların işə adaptasiyasının çətin olmasının səbəbi insanın zehni və şüuraltısının rahatlığa meyilli olmasıdır:
“İnsan rahatlıq əldə etdikdən sonra həmin vəziyyətdən çıxaraq yenidən iş rejiminə qayıtmaq adaptasiya problemi yaşayan şəxslər üçün əlavə çətinlik yaradır. Ümumiyyətlə, insan beyni hər hansı bir rahatlığa təxminən 3 gün ərzində alışır. Yəni, insan bir şəraitə və ya rejimə 3 gün ərzində uyğunlaşmağa başlayır. Və bu uyğunlaşma baş verdikdən sonra həmin alışdığı rejimdən çıxaraq başqa bir mühitə və ya rejimə düşmək beynin yaddaşında və qavrayışında sanki yeni bir mərhələyə keçid kimi qəbul olunur. Bu da insanda müəyyən psixoloji diskomfort yaradır”.
“Təbii ki, bu prosesin ilk günləri daha çətin keçir. Amma sonrakı mərhələdə insan buna öyrəşir, çünki məcbur olur. Yəni, bu bir seçim deyil, zərurətdir. Qeyd etmək lazımdır ki, bu tip vəziyyətlərə ən çox psixoloji baxımdan həssas olan insanlar daha açıq şəkildə reaksiya verirlər. Onlarda adaptasiya çətinliyi daha aydın şəkildə özünü göstərir”,- deyə o əlavə edib.
Ləman Sərraf






