media-inshot_20260128_210035586

Sürətli həyat tempi, daimi tələskənlik, tıxaclar, səs-küy və şəxsi məkanın getdikcə daralması şəhər həyatını bir çox insanlar üçün stresli edir. Böyük şəhərlərdə yaşayanlar gün ərzində həm fiziki, həm də psixoloji təzyiqlərlə daha çox üzləşir, bu da münasibətlərdə gərginlik və səbirsizlik yarada bilir. Bəs bütün bu amillər insan davranışına necə təsir edir – şəhər həyatı insanı doğrudanmı daha aqressiv edir?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, şəhər mühiti insanı avtomatik aqressiv etmir, lakin daimi stress, şəxsi sərhədlərin pozulması və emosional tənhalıq aqressiyanın ortaya çıxması üçün əlverişli psixoloji zəmin yaradır:

“Şəhər həyatı insanı avtomatik olaraq aqressiv etmir, amma şəhər mühiti aqressiyanın üzə çıxması üçün əlverişli psixoloji zəmin yarada bilir. Burada əsas məsələ insanın daxili resursları ilə onu əhatə edən mühit arasındakı tarazlığın pozulmasıdır. Şəhər həyatında bu tarazlıq tez-tez sarsılır. Böyük şəhərlərdə insan daim tələskənlik içində yaşayır. Vaxt azlığı hissi, sıx qrafik, bitməyən yol tıxacları, səs-küy, informasiya bolluğu və sosial müqayisə təzyiqi insan psixikasını fasiləsiz yükləyir. Beyin dincəlməyə imkan tapmadıqda isə özünü qoruma mexanizmi işə düşür. Bu mexanizm çox vaxt əsəbilik, səbirsizlik, aqressiv reaksiya və dözümsüzlük şəklində özünü göstərir. İnsan əslində aqressiv olmaq istəmir, sadəcə artıq daşıya bilmədiyi psixoloji gərginliyi boşaltmağa çalışır. Şəhər həyatında insanın şəxsi sərhədləri tez-tez pozulur. İctimai nəqliyyatda fiziki yaxınlıq, küçədə sıxlıq, iş yerində daimi nəzarət hissi və sosial rolların çoxluğu fərdin “mənə aid sahə” ehtiyacını məhdudlaşdırır. Bu isə daxili narahatlıq yaradır. Narahatlıq uzun müddət davam etdikdə, emosional tənzimləmə zəifləyir və insan xırda stimullara belə həddindən artıq reaksiya verməyə başlayır. Bir baxış, bir söz, bir gecikmə artıq aqressiv cavab doğura bilir.Şəhər insanında aqressiyanı artıran digər mühüm amil emosional əlaqələrin zəifləməsidir. Kənd və ya daha kiçik icmalarda insanlar bir-birini tanıyır, münasibətlər daha isti və davamlı olur. Şəhərdə isə insan çoxlu insanın içində tək qala bilir. Sosial təmasların çoxluğu emosional yaxınlıq anlamına gəlmir. Bu tənhalıq hissi zamanla daxili gərginlik yaradır və insan daha əsəbi, daha qapalı, daha müdafiəçi davranmağa başlayır”.

media-img-20260128-wa0091

Psixoloqların sözlərinə görə, şəhər həyatı aqressiyanı birbaşa yaratmır, lakin insanın daxilində yığılan stress, qorxu və psixoloji yorğunluq olduqda bu hisslərin daha tez və daha kəskin şəkildə üzə çıxmasına səbəb olur:

“Digər tərəfdən, şəhər mühiti uğur, sürət və nəticə üzərində qurulub. İnsan daim özünü başqaları ilə müqayisə edir, yetərsiz qalmaq qorxusu yaşayır. Bu qorxu da aqressiyanın gizli mənbələrindən biridir. Çünki psixologiyada aqressiya çox vaxt qorxunun, acizliyin və nəzarəti itirmə hissinin üzə çıxmış formasıdır.Amma vacib məqam budur ki, şəhər həyatı aqressiyanı qaçılmaz etmir. Emosiyalarını tanıyan, stressi idarə etməyi bacaran, özünə psixoloji sərhədlər qura bilən insanlar eyni şəhər mühitində daha sakit və balanslı qala bilirlər. Burada əsas rol fərdin psixoloji savadlılığına, emosional özünənəzarət bacarığına və istirahət-iş balansını qorumağı bacarmasına aiddir. Bu səbəbdən də, şəhər həyatı insanın aqressiyasını yaratmır, sadəcə onu sürətlə üzə çıxarır. Əgər insanın daxilində yığılmış stress, həll olunmamış emosiyalar və psixoloji yorğunluq varsa, şəhər bu prosesi sürətləndirir. Ona görə də müasir şəhər həyatında psixoloji rifah artıq lüks deyil, zərurətə çevrilib. İnsan yalnız fiziki deyil, emosional olaraq da özünə qulluq etməyi öyrənmədikcə, şəhərin ritmi onu getdikcə daha gərgin və aqressiv hala sala bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər