Tramp Putinə barmaq silkələyən fotonu paylaşdı: “Nikson kimi…”
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında özünü və Rusiya Prezidenti Vladimir Putini dünya liderləri ilə müqayisə edib.
Patrulaz.az xəbər verir ki, O, Putinlə görüş zamanı çəkilmiş fotosunu ABŞ-nin sabiq vitse-prezidenti Riçard Niksonun 1959-cu ildə Sovet lideri Nikita Xruşşovla məşhur “Mətbəx Debatı”ndakı şəkli ilə yanaşı qoyub.
Trampın avqustun 15-də Alyaskada baş tutan görüşdən paylaşdığı fotoda o, barmağı ilə Putinə jest edir. Digər tarixi fotoda isə Nikson və Xruşşov ABŞ və SSRİ-nin siyasi sistemlərinin üstünlükləri barədə qızğın mübahisə apararkən əks olunublar.

Tramp bu addımı ilə özünü Soyuq Müharibə dövründə Kreml lideri ilə sərt debat aparan Niksonla müqayisə edib. Nikson-Xruşşov görüşü həmin dövrün iki fövqəlgücünün qarşıdurmasının simvolu kimi tarixə düşmüşdü.

Beləliklə, Tramp mesaj verməyə çalışır ki, ABŞ-nin maraqlarını qorumaqda o da Nikson qədər prinsipial və sərt mövqeyə sahibdir.
Gülbəniz Səfərova






