"Travma üzləşilmədən yox olmur” - Psixoloq
“Vaxt hər dərmanı sağaldır” deyimi çox vaxt insanların həyatında baş verən çətinliklər və travmalarla bağlı istifadə olunur. İnsanlar bəzən dərd və ağrılardan qurtulmaq üçün müxtəlif yollar axtarır, amma zamanın özünün müəyyən dərəcədə şəfa verə biləcəyi də müşahidə olunur. Psixoloji və emosional yaraların sağalması, bəzən fiziki ağrıların azalması və ya vəziyyətin normallaşması zamanla baş verir.
Sizcə, zaman həqiqətən bütün yaraları sağalda bilərmi?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, vaxt yaraları tam sağaltmır, əsas olan insanın yaşadıqlarını dərk edib onlarla necə üzləşməsidir:
“Vaxt hər dərmanı sağaldır” fikri müəyyən mənada doğru görünə bilər, lakin psixoloji baxımdan bu ifadə tam və şərtsiz həqiqət deyil. Vaxt özü-özlüyündə müalicəedici mexanizm deyil, sadəcə bir imkandır. Sağaldan əsas amil insanın həmin vaxt ərzində yaşadıqlarını necə dərk etməsi etməsi, onlarla necə münasibət qurmasıdır.
Psixologiyada müşahidə edirik ki, bəzi insanlar üçün zaman emosional ağrının intensivliyini azaldır, çünki insan adaptasiya olur, yeni mənalar formalaşdırır və həyatını davam etdirmək üçün daxili resurslar tapır. Lakin eyni zamanda elə hallar da var ki, insan yaşadığı travmanı, itkini və ya psixoloji zərbəni işləmədən, üzləşmədən sadəcə “üstündən keçməyə” çalışır. Bu zaman vaxt problemi sağaltmır, əksinə, onu dərin qatlara ötürür”.

Psixoloq qeyd edir ki, vaxt yalnız düzgün daxili işlərlə birləşdikdə emosional yaraları sağalda bilər:
“Xüsusilə travmatik təcrübələr, uzunmüddətli stress, itki, zorakılıq, emosional laqeydlik kimi hallar vaxt keçdikcə yox olmur. Əgər insan bu təcrübələri dərk etmirsə, emosiyalarını ifadə etmirsə və psixoloji dəstək almırsa, illər sonra belə bu ağrılar depressiya, təşviş, psixosomatik problemlər və münasibət çətinlikləri şəklində üzə çıxa bilər. Bu baxımdan daha düzgün yanaşma belədir: vaxt sağaltmır, amma düzgün yanaşma ilə vaxt sağalma üçün şərait yarada bilər. Psixoloji rifah üçün əsas olan zaman deyil, həmin zaman ərzində görülən daxili işdir. Yəni özünü anlamaq, qəbul etmək, lazım olduqda mütəxəssis dəstəyi almaq və emosional yükü sağlam şəkildə emal etmək.
Ona görə də vaxt təkbaşına dərman deyil. O, yalnız doğru addımlarla birləşəndə müalicəedici gücə çevrilə bilər”.
Cəmilə Cəfərzadə






