media-inshot_20260407_131209571

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Bir ailədən olan 11, 8, 7, 5 və 2 yaşlı beş uşaq yaşadıqları evin hamam otağında yaranan dəm qazının təsiri nəticəsində zəhərləniblər. Bir neçə gün sonra həmin uşaqlarından biri vəfat edib. Uşaqlarının atası “TikTok”da “9 uşaq atası” adlı səhifə açıb. Səhifə zəhərlənmə hadisəsindən əvvəl də mövcud olub və ata burada qəribə və qeyri-adekvat paylaşımları ilə diqqət çəkib. Zəhərlənmədən ölən son övladının meyitini açıq şəkildə paylaşaraq izləyicilərdən ekranı tıklamağı tələb etməsi də ictimaiyyət arasında tənqid obyektinə çevrilib. Hətta bu yayımları həyat yoldaşı da videoya çəkir və hadisələri rahatlıqla paylaşır.

Bu hal həmin insanların hansı psixologiyaya sahib olduğunu göstərir? Valideynlərin izlənmə xatirinə övladlarını, ailələrini bir alətə çevirməsi, reklam etməsi nə qədər doğrudur?

Mövzu ilə bağlı Patrul.az psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu hadisə təkcə bir ailənin faciəsi kimi deyil, həm də sosial media davranışları və valideynlik məsuliyyətinin necə transformasiya olunduğunu göstərən ciddi bir siqnaldır:

“Burada diqqət çəkən əsas məqam hadisənin özündən çox, ona verilən reaksiya və bu reaksiyanın psixoloji mahiyyətidir.

İlk növbədə, bu hadisədə xüsusi narahatedici məqam ondan ibarətdir ki, valideyn yalnız uşaqlarını sağ olduqları dövrdə deyil, faciədən sonra vəfat etmiş övladını da sosial mediada nümayiş etdirir. Bu davranış psixoloji baxımdan çox ciddi siqnaldır. Sağlam yas prosesi zamanı insan itki ilə üzləşdikdə itirdiyi şəxsi qorumağa, onun xatirəsini daxili şəkildə yaşatmağa çalışır. Ölən övladın açıq şəkildə nümayiş etdirilməsi isə yasın təbii mərhələlərinin pozulduğunu, şəxsi ağrının ictimai nümayişə çevrildiyini göstərir. Bu, ya emosional keyləşmə, ya da dərin psixoloji müdafiə mexanizmlərinin qeyri-adekvat forması kimi izah oluna bilər”.

media-inshot_20260407_130647883

Psixoloq eyni zamanda, uşağın həm diri ikən, həm də ölümündən sonra “kontent” kimi təqdim olunmasının valideyn-övlad münasibətində ciddi deformasiya olduğunu göstərdiyini bildirib:

“Burada övlad artıq şəxsiyyət kimi deyil, izləyici cəlb edən vasitə kimi qəbul olunur. Psixologiyada bu, instrumental yanaşma kimi xarakterizə olunur. Yəni insan qarşısındakı fərdi məqsədinə çatmaq üçün bir obyektə çevirir. Bu halda isə həmin obyekt öz övladıdır ki, bu da həm etik, həm də psixoloji baxımdan son dərəcə problemli vəziyyətdir. Bu cür davranışlar çox zaman diqqət və təsdiq ehtiyacının patoloji səviyyədə güclənməsi ilə əlaqəli olur. Sosial mediada görünmək, izlənmək və reaksiyalar almaq bəzi insanlar üçün daxili boşluğu dolduran əsas mənbəyə çevrilir. Bu zaman artıq sərhədlər itir və insan nəyi paylaşmağın doğru, nəyi paylaşmağın yolverilməz olduğunu ayırd etməkdə çətinlik yaşayır. Xüsusilə narsistik meyillər, empati çatışmazlığı və diqqət mərkəzində olma ehtiyacı bu tip davranışlarda daha qabarıq görünür”.

E.Rüstəmov əlavə edib ki, digər tərəfdən, belə hallarda empati qabiliyyətinin zəifləməsi açıq şəkildə müşahidə olunur. Sağlam psixoloji struktura malik valideyn üçün övladın ölümünü bu formada ictimaiyyətə təqdim etmək ciddi daxili müqavimət yaradar:

“Əgər bu müqavimət yoxdursa, bu artıq emosional soyuqluq, reallıqdan qopma və ya psixoloji müdafiə mexanizmlərinin disfunksiyası ilə əlaqələndirilə bilər. Bu hadisə həm də cəmiyyətin sosial media davranışlarına verdiyi reaksiyanı düşünməyə vadar edir. Əgər bu cür paylaşımlar diqqət, baxış sayı və müzakirə ilə “mükafatlandırılırsa”, bu, bəzi fərdlər üçün motivasiyaedici faktor ola bilər. Yəni məsələ yalnız fərdi psixologiya ilə məhdudlaşmır, burada sosial-psixoloji mühit də rol oynayır. Valideynlərin izlənmə xatirinə övladlarını, hətta onların həyat və ölüm anlarını belə nümayiş etdirməsi nə psixoloji, nə etik, nə də sosial baxımdan qəbul edilə bilən davranışdır. Bu, uşağın hüquqlarının pozulması ilə yanaşı, valideynlik institutunun mahiyyətinə də ziddir. Bu hadisə bizə göstərir ki, texnologiya inkişaf etdikcə psixoloji savadlılıq və etik sərhədlər daha da ön plana çıxmalıdır. Valideynlik yalnız qayğı göstərmək deyil, həm də övladın ləyaqətini, məxfiliyini və insan kimi dəyərini qorumaqdır. Əks halda, həm fərdi faciələr, həm də cəmiyyət üçün təhlükəli davranış modelləri daha çox görünməyə davam edəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər