media-inshot_20260129_160104767

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova komitənin dünənki iclasında Azərbaycanda uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı təklif irəli sürüb.

Bu addımın psixoloji baxımdan hansı nəticələr doğuracağını öyrənmək üçün Patrul.az psixoloq Zeynəb Əyyubovanın fikirlərini alıb.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların sosial şəbəkələrə sərbəst girişinin məhdudlaşdırılması təşəbbüsü psixoloji baxımdan həm müsbət, həm də riskli tərəflərə malikdir:

“Bu addımın necə icra olunacağı həlledici rol oynayır. Müsbət tərəfdən baxsaq, erkən yaşlarda nəzarətsiz sosial şəbəkə istifadəsi uşaqlarda diqqət dağınıqlığı, yuxu pozuntuları, aqressiya, özünəinam problemləri və reallıqla virtual həyatın qarışdırılması kimi psixoloji çətinliklər yarada bilər. Xüsusilə kiberzorakılıq, uyğun olmayan məzmun və müqayisə təzyiqi uşaqların emosional inkişafına ciddi zərər vurur. Bu baxımdan müəyyən yaş həddinə qədər qoruyucu mexanizmlərin tətbiqi uşağın psixoloji sağlamlığını qorumağa xidmət edə bilər”.media-img-20260129-wa0035

Psixoloq, eyni zamanda tam qadağanın psixoloji reaksiya doğura biləcəyini də vurğulayıb:

“Uşaqlarda marağın daha da artması, gizli istifadə meyli, valideynlərlə konflikt və etimadın zəifləməsi kimi hallar yarana bilər. Sosial şəbəkələr artıq yalnız əyləncə deyil, həm də ünsiyyət, informasiya və sosiallaşma vasitəsidir. Uşaq bu mühitdən tam təcrid edildikdə özünü yaşıdlarından geri qalmış, kənarda qalmış hiss edə bilər ki, bu da sosial adaptasiyaya mənfi təsir göstərə bilər”.

Z.Əyyubova psixoloji baxımdan ən sağlam yanaşmanın qadağadan çox tənzimləmə və maarifləndirmə olduğunu söyləyib:

“Valideyn nəzarəti, yaşa uyğun limitlər, rəqəmsal savadlılığın artırılması və uşaqlarla açıq dialoq daha effektiv nəticə verir. Uşağa “niyə olmaz” sualının cavabı izah edilməli, alternativ fəaliyyətlər – idman, oxu, yaradıcılıq və canlı ünsiyyət təşviq olunmalıdır.

Nəticə olaraq, bu cür qərarlar uşağın yaş xüsusiyyətləri, psixoloji ehtiyacları və müasir reallıqlar nəzərə alınaraq tətbiq olunmalıdır. Məqsəd cəzalandırmaq və ya məhdudlaşdırmaq yox, uşağın psixoloji təhlükəsizliyini qorumaq və sağlam inkişafını təmin etmək olmalıdır”.

Ləman Sərraf


Bənzər xəbərlər