"Uzun illər yüksək vəzifələrdə çalışmış Ramiz Mehdiyevin belə bir addım atması qəbuledilməzdir" - DEPUTAT
“Ramiz Mehdiyev uzun illər ən yüksək dövlət vəzifələrində çalışıb, həm Ulu Öndərin, həm də cənab Prezidentin dövrlərində vacib vəzifələri icra edib. Ona görə hesab edirəm ki, Ulu Öndərlə birlikdə çalışan kifayət qədər təcrübəli bir şəxs dövlətə xəyanət etməməli idi”.
Bunu Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbs olunmasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, uzun illər yüksək vəzifələrdə çalışmış, dövlətin etimadını qazanmış Ramiz Mehdiyevin belə bir addım atması qəbuledilməzdir:
“İlk olaraq qeyd etmək lazımdır ki, hər bir şəxs öz peşəsində dövlətçilik prinsiplərini, dövlətə sədaqəti əsas meyar kimi götürməlidir. Yəni, hər bir yüksək vəzifədə çalışan şəxs Prezident tərəfindən etimad göstərilir və həmin şəxs çalışmalıdır ki, bu etimadı ən yüksək səviyyədə doğrultsun və yerinə yetirsin. Bu, hər bir dövlət məmurunun əsas vəzifələrindən biridir. Bunun üçün hər kəsin səy göstərməsinə ehtiyac var.
Eyni zamanda, deyilir ki, dövlət onun üçün hər cür şəraiti yaradıb, ən ali adlarla, ən yüksək vəzifələrlə təmin olunub. Buna görə də bu şəxsin belə addım atması həqiqətən qəbuledilməzdir”.
C. Məmmədov vurğulayıb ki, dövlət maraqlarını şəxsi maraqlara qurban verməyin heç bir izahı yoxdur:
“Bugün ölkəmiz həssas bir dövrdən keçir. Dövlətimizin qarşısında çox yüksək və mühüm vəzifələr var. Bu vəzifələrin icrası üçün hər kəs cənab Prezidentin ətrafında birləşməli və dövlətimizin güclənməsinə öz töhfəsini verməlidir. Bu mənada belə hərəkətlər dövlət maraqlarını digər maraqlara qurban verməkdir və bunun heç bir izahı yoxdur. Hər kəs bu prinsipləri əsas götürməli və məsələyə əməl etməlidir.
Hər bir dövlət məmuru çalışmalıdır ki, cənab Prezidentin etimadını doğruldaraq fəaliyyətində bu prinsipləri qorusun. Bu prinsiplər qorunmadan dövlətin qorunması qeyri-mümkündür. Xüsusilə bir daha qeyd edirəm ki, insanlar bu məsələlərdə çox diqqətli, ehtiyatlı və məsuliyyətli olmalıdırlar; bu kimi məsələlərə daha həssas yanaşılmalıdır.
Buna görə də bu məsələ dövlət tərəfindən araşdırılır və prosesdə iştirak edən hər kəs ciddi şəkildə məsuliyyətə cəlb ediləcək; onlarla bağlı dövlət tərəfindən ciddi addımlar atılacaq. Hər kəs bilməlidir ki, dövlətlə oyun oynamaq olmaz və hər kəs dövlətin qoyduğu qaydalara mütləq şəkildə əməl etməlidir. Bu hər kəsin vəzifə borcudur”.
Cəmilə Cəfərzadə






