Valideynlərdən qızıl üzük alan müəllimə töhmət verildi
Tovuz rayonunda müəllimin valideynlərdən zinət əşyası hədiyyə kimi qəbul etməsi ilə bağlı yayılan görüntülər araşdırılıb və müəlliməyə töhmət verilib.
Patrulaz.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, mayın 24-də qeyri-iş günü, məktəbdənkənar ərazidə lentə alınmış videoda Əlimərdanlı kənd tam orta məktəbinin müəlliməsinə valideynlər tərəfindən şəxsi təşəbbüslə zinət əşyası təqdim olunub.
Məsələ ilə bağlı İdarədən verilən açıqlamada qeyd olunur:
“Təhsilverənlərin etik davranış qaydalarına və Təhsil Agentliyinin müvafiq təlimatlarına əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyənin verilməsi yolverilməzdir. Etik davranış qaydalarını pozduğuna görə müəlliməyə töhmət verilib”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda bir qadının müəllimənin barmağına qızıl üzük taxdığı görünür. Görüntülərin Günel adlı müəllimin təşkil etdiyi məclisdə çəkildiyi bildirilir. Hadisə ictimaiyyətdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.






