media-1744827613_abs_iran-1

İran və ABŞ arasında əldə olunan memorandum layihəsi beynəlxalq münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilsə də, onun uzunömürlü olub-olmayacağı ilə bağlı suallar hələ də açıq qalır. Tərəflər arasında etimad problemi, keçmiş razılaşmaların pozulması və regiondakı geosiyasi gərginlik bu sənədin davamlılığına dair qeyri-müəyyənlik yaradır.

Əldə olunan 14 bəndlik anlaşmadan sonra nələr olacaq?

Politoloq Rəşad Bayramov mövzu ilə bağlı Patrul.az-a şərh edib.

Onun sözlərinə görə, uzun müddətdir mövcud olan hərbi qarşıdurma, qarşılıqlı ittihamlar və regional gərginlik nəzərə alınarsa, bu sənəd tərəflər arasında yeni dialoq mərhələsinin başlanğıcı üçün vacib sənəd hesab oluna bilər:

“Lakin memorandumun imzalanması problemin tam həll olunduğu anlamına gəlmir. Əksinə, bundan sonra başlayacaq mərhələ sənədin taleyini müəyyən edəcək ən mühüm sınaq dövrü olacaq.

İlk növbədə, tərəflər memorandumda nəzərdə tutulan öhdəliklərin icrasına başlamalıdırlar. Bu prosesdə əsas diqqət təhlükəsizlik məsələlərinə, hərbi gərginliyin azaldılmasına və nüvə proqramı ilə bağlı mexanizmlərin formalaşdırılmasına yönələcək. İranın nüvə fəaliyyətinə dair şəffaflığın artırılması və beynəlxalq nəzarət mexanizmlərinin gücləndirilməsi ABŞ üçün əsas prioritet olaraq qalır. Eyni zamanda, Tehran da Vaşinqtondan iqtisadi sanksiyaların yumşaldılması istiqamətində real addımlar gözləyir”.

media-47-1771495580

Müsahibimiz, anlaşmanın gələcək taleyini müəyyənləşdirəcək əsas amillərdən birinin tərəflər arasındakı etimad problemi olduğunu söyləyib:

“ABŞ və İran münasibətlərinin tarixi göstərir ki, əldə olunan razılaşmaların icrası zamanı siyasi dəyişikliklər və daxili amillər ciddi təsir göstərə bilir. Xüsusilə 2018-ci ildə ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxması İran rəhbərliyində dərin etimadsızlıq formalaşdırıb. Buna görə də Tehran bu dəfə yalnız yazılı və beynəlxalq təminatlarla müşayiət olunan addımlara üstünlük verməyə çalışacaq.

Region ölkələrinin mövqeyi də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də İsrailin mövqeyi əldə olunan razılşamaların dayanıqlılığı üçün vacib faktordur. Çünki mövcud anlaşma özündə bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılmasını ehtiva edir. Başqa sözlə bu sənəd İsrailin Livan istiqamətində hücumlarının da dayandırılmasını şərtləndirir. İsrail buna əməl edəcəkmi, etməsə İranın cavabı fonunda ABŞ hansı addımları atacaq, bunlar hələ də böyük ölmüdə sual olaraq qalır”.

Əgər memorandum regionda sabitliyin güclənməsinə və hərbi risklərin azalmasına xidmət edərsə, bunun Yaxın Şərqdə yeni geosiyasi balansın formalaşmasına səbəb ola biləcəyini vurğulayan R.Bayramov bildirib:

“Əks halda, hər hansı təxribat, hərbi insident və ya siyasi böhran razılaşmanın pozulması riskini artıracaq.

İqtisadi aspekt də xüsusi diqqət tələb edir. İranın qlobal enerji bazarlarına daha fəal qayıtması neft qiymətlərinə və beynəlxalq enerji təhlükəsizliyinə təsir göstərə bilər. Bu baxımdan memorandum yalnız siyasi deyil, həm də iqtisadi nəticələr doğura biləcək sənəd hesab olunur.

Ümumilikdə isə 14 bəndlik memorandum yekun sülh sazişi deyil, bu sənəd çox uzun və mürəkkəb diplomatik prosesin başlanğıcıdır. Qarşıdakı aylarda tərəflərin öhdəliklərə nə dərəcədə əməl etməsi, beynəlxalq zəmanət mexanizmlərinin işləkliyi və regional proseslərin inkişafı bu anlaşmanın uğurunu müəyyən edəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər