media-img-20251217-wa0109

Son illərdə rəqəmsal texnologiyaların hüquq sisteminə təsiri getdikcə artıb. İnsanların gündəlik həyatında geniş istifadə etdikləri sosial şəbəkələr, mesajlaşma tətbiqləri və digər onlayn platformalar indi yalnız ünsiyyət vasitəsi olmaqla qalmır, həm də hüquqi mübahisələrdə məlumat mənbəyi kimi önəm qazanır. Xüsusilə WhatsApp kimi məşhur mesajlaşma tətbiqlərində aparılan söhbətlər şəxsi həyatın bir hissəsi olmaqla yanaşı, müəyyən hallarda hüquqi proseslərdə fakt kimi təqdim oluna bilər.

Bəs WhatsApp danışıqları məhkəmədə sübut kimi istifadə oluna bilərmi?

Bu barədə vəkil Babək Qocayev Patrul.az-a açıqlamasında bildirib ki, sübutlar yalnız qanuni şəkildə toplandıqda məhkəmədə qəbul edilir:

“Burada yalnızca Whatsapp danışıqları yox, istər digər sosial platformalarda, istərsə də tərəflər arasında hər hansı qaydada gedən yazışmalara, səs yazıları və foto-video görüntülərə nəzər salmaq lazımdır. Qanunvericilikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə görə: Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Sübutların qanunsuz hesab edilməsinin bir sıra yolları vardır: Sübutlar qanunsuz əldə olunduqda , qanuna zidd şəkildə istifadə olunduqda, sübutlar müxtəlif üsullarla saxtalaşdırıldıqda və s”.

 

“Bu aktual mövzu ilə bağlı məsələyə Konstitusiya Məhkəməsi də həmçinin aydınlıq gətirmişdir:

Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aperel 2021-ci il tarixli” Qərarında da qeyd edildiyi kimi, Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Müvafiq Qərarda göstərilmişdir ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz- özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz”.

Vəkilin sözlərinə görə, sosial şəbəkə yazışmaları məhkəmədə sübut ola bilər, amma onların qanuniliyi və orijinallığı təsdiqlənməlidir:

“Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ile aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Yəni, loru dildə desək, WhatsApp, Telegram, İnstagram, Facebook və s. Danışıqlarının- (buraya səsli, foto və video görüntülü danışıqlar daxildir ) məhkəmədə sübut kimi qəbul edilə bilər, lakin məhkəmə həmin sübutların mötəbərliyini araşdırmalıdır. Yəni sözügedən sübutların qanuniliyini məhkəmədə tam araşdırmalıdır, originallığı müəyyənləşdirilməlidir. Misal, məhkəməyə yalnızca screenshot təqdim etmək kifayət etməyə bilər, çünki asanlıqla həmin sübutlar üzərində montaj, dəyişiklik edilə bilər. Bu səbəbdən onların etibarlılığı, dəyişikliyə məruz qalmaması halı ekspert rəyi ilə müəyyənləşdirilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər