"WUF BMT-nin COP-dan sonra mühüm tədbirlərindən biri sayılır" - Pərvin Kərimzadə
“Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, qlobal proseslərdə fəal iştirakını və xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi isə ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir”.
Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Ümumdünya Şəhərsalma Forumu BMT tərəfindən 2001-ci ildə təsis olunub:
“Forumun məqsədi sürətli urbanizasiya proseslərinin şəhərlərin inkişafına təsirini araşdırmaq, dayanıqlı urbanizasiya siyasətinin təşviqinə nail olmaq, bu sahədə ölkələrin uğurlu təcrübələrini bölüşmək, açıq debat və müzakirələr vasitəsilə bilik mübadiləsini genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Bu forum dünya üzrə şəhərsalma sahəsində ən nüfuzlu – genişmiqyaslı iştirakçılığa malik platforma hesab olunur. Belə ki, məzmun və əhatə dairəsinə görə WUF BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından – COP-dan sonra Təşkilatın ikinci ən böyük və ən mühüm beynəlxalq tədbiri sayılır.
Ölkəmizdə şəhərsalma fəaliyyəti Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində dayanıqlı inkişafın əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma sahəsində müasir standartlar tətbiq edilir, Bakı və ölkənin digər şəhərlərində həyata keçirilən layihələr sosial-iqtisadi inkişafda mühüm rol oynayır. Prezident İlham Əliyevin mayın 18-də “Euronews” televiziyasına müsahibəsində dediyi kimi, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Tədbirdə 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. “Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”,-deyə dövlətimizin başçısı vurğulayıb”.

Millət vəkilinin sözlərinə görə, müsahibədə cənab Prezident işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpasında yeni şəhərsalma üsullarının tətbiq edildiyini diqqətə çatdırıb:
“Prezidentimizin vurğuladığı kimi, bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Dövlətimizin başçısı qeyd edib: “Dəmir yolları, məktəblər, xəstəxanalar – bütün bu işlər paralel şəkildə həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib – şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər”.
“Dövlət başçısı müsahibədə Avropanın enerji mənbələrini şaxələndirdiyi bir dövrdə Azərbaycanın rolundan da bəhs edib”,-deyən Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır:
“Ölkəmizin reallaşdırdığı layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib.
Azərbaycanın enerji strategiyası qlobal müstəvidə böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dediyi kimi, Cənub Qaz Dəhlizi vasitəsilə hazırda 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu gün 12 Avropa ölkəsi Azərbaycan qazı alır, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Lakin təbii qaz üçün ölkəmizə müraciət edən dövlətlərin sayı artmaqdadır”.
“Müsahibədə dövlətimizin başçısı Hörmüz boğazı ilə bağlı yaranmış böhranın ölkəmizə təsiri ilə bağlı suala da cavab verib. Təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Cənab Prezident qeyd edib ki, Hörmüz böhranının qlobal iqtisadiyyata təsiri olsa da, öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Bu amil isə Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Ona görə də, Azərbaycanın təcrübəsi digər ölkələr üçün də faydalı ola bilər”, – deyə Pərvin Kərimzadə vurğulayıb.
Ləman Sərraf






