media-inshot_20260519_180513758

“BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, xüsusilə dayanıqlı inkişaf, şəhərsalma və postmünaqişə bərpası sahəsində qazandığı etimadın mühüm göstəricisidir. Forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu da ölkəmizin son illərdə həyata keçirdiyi siyasətlə tam həmahəngdir”.

Bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ölkəmiz üçün əhəmiyyəti barədə Patrul.az-a danışarkən deyib.

Millət vəkili Prezident İlham Əliyevin dünən baş tutan forumdakı çıxışının əsas məqamlarına toxunub:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev WUF13-ün açılış mərasimindəki çıxışında bir neçə strateji məqamı ön plana çıxarıb. İlk növbədə, dövlətimizin başçısı Azərbaycanın yalnız enerji və nəqliyyat mərkəzi deyil, həm də qlobal humanitar, ekoloji və şəhərsalma gündəliyinə töhfə verən məsul beynəlxalq aktor olduğunu nümayiş etdirib. Bu forumun Bakıda keçirilməsi Azərbaycanın COP29-dan sonra daha bir qlobal platformaya uğurla ev sahibliyi etdiyini göstərir və ölkəmizin “qlobal dialoq mərkəzi” statusunu gücləndirir.

Prezident İlham Əliyevin çıxışında əsas diqqət çəkən istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və yeni şəhərsalma modelinin beynəlxalq auditoriyaya təqdim olunması olub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını tətbiq etməsi, həmin ərazilərin “yaşıl enerji zonası” elan olunması müasir urbanizasiya yanaşmasının nümunəsi kimi təqdim edilib. Bu, faktiki olaraq Azərbaycanın postmünaqişə rekonstruksiyası sahəsində yeni model formalaşdırdığını göstərir.

Biz göstəririk ki, WUF13 sadəcə şəhərsalma tədbiri deyil, həm də Azərbaycanın yumşaq güc siyasətinin, beynəlxalq diplomatik aktivliyinin və strateji kommunikasiya imkanlarının mühüm platformasıdır. Forum çərçivəsində postmünaqişə ərazilərinin bərpası, inklüziv şəhər idarəçiliyi, iqlim davamlılığı və təhlükəsiz yaşayış mühiti kimi mövzular Azərbaycanın təcrübəsi fonunda beynəlxalq müzakirəyə çıxarılıb.

Dövlət başçısının nitqində diqqət çəkən digər mühüm məqam Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi dəyərlə bağlı olub. Forumda BMT rəhbərliyinin, müxtəlif dövlət və hökumət başçılarının iştirakı Bakının beynəlxalq əməkdaşlıq platforması kimi rolunu daha da möhkəmləndirib. WUF tarixində ilk dəfə “Liderlər Sammiti” formatının tətbiqi də Bakının siyasi və təşkilati çəkisinin göstəricisi hesab oluna bilər”.

media-rizvan

“Eyni zamanda, Prezident İlham Əliyevin çıxışında urbanizasiya ilə təhlükəsizlik, sosial rifah və ekoloji davamlılıq arasında əlaqə xüsusi vurğulanıb. Bu yanaşma Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 11-ci məqsəd – “Dayanıqlı şəhərlər və icmalar” istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq təqdimatı kimi qiymətləndirilə bilər. Forum çərçivəsində mənzil təminatı, sürətli urbanizasiyanın yaratdığı çağırışlar, iqlim dəyişiklikləri və sosial inklüzivlik məsələlərinin müzakirəsi də bu baxımdan əhəmiyyətlidir.

Bu baxımdan, WUF13 təkcə şəhərsalma forumu deyil, həm də Azərbaycanın yeni geosiyasi və geoiqtisadi vizyonunun təqdim olunduğu mühüm beynəlxalq platforma kimi tarixdə yer alacaq”, – deyə R. Nəbiyev əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər