Xarici diplomlar hansı halda Azərbaycanda tanına bilər? - Təhsil ekspertindən ŞƏRH
Son günlərdə xarici diplomların ölkəmizdə tanınması məsələsi gündəmə gəlib. Diplomların qanuni qüvvəyə malik olması və Azərbaycan təhsil sisteminə uyğunluğu onların tanınmasında əsas şərtlər hesab olunur. Bu proses həm ali, həm də peşə təhsili üzrə verilmiş sənədlərə şamil edilir və tələbələrin, məzunların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs, xarici diplomlar ölkəmizdə hansı hallarda tanınır?
Mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən təhsil eksperti Emma İbrahimova bildirib ki, Azərbaycanda tələbə adını qazanmaq bir neçə mərhələdən ibarət olsa da, bəzi xarici ölkələrdə yalnız attestatla bu, çox rahat şəkildə mümkündür:
“Bu məsələ hazırda ən aktual məsələlərdən biridir. İndiki gənclərin əksəriyyəti xaricdə təhsilə üstünlük verirlər. Bunun da bir neçə səbəbi var. Həmin səbəblərdən biri kimi onu deyə bilərəm ki, yeni gənclər sərbəstliyə, gəzib-dolaşmağa meyillidirlər və bu da onları xaricə yönləndirir. Digər səbəbi isə ondan ibarətdir ki, bizim təhsil sistemimizdə tələbə adı qazanmaq üçün abituriyentlər bir neçə mərhələdən keçməlidirlər ki, sonda tələbə adını qazansınlar. Amma Rusiyada, Türkiyədə elə ali təhsil ocaqları var ki, ora attestatla qəbul daha rahatdır. Ancaq onlar bilmirlər ki, attestatla qəbul olsalar belə, oxuyub bitirmək artıq çətin məqamlar, çətin proseslər ondan sonra başlayır”.
E. İbrahimovanın sözlərinə görə, xaricdə təhsil alanlar mütləq əyani və ya qiyabi şöbələr üzrə ixtisaslarına önəm verməlidirlər ki, Azərbaycanda da onu tədris edə bilsinlər:
“Qaldı ki, həmin xarici ölkələrə Azərbaycan gənclərinin axınına, orada təhsil almaları və diplomla Azərbaycana qayıtması məsələsinə, bəli, bəzi hallarda diplomlar tanınmır. Bunun başlıca səbəbi nədir? İlk növbədə abituriyent xaricdə təhsil alarkən mütləq əyani təhsil almalıdır. Əgər o, gəlib burada “mən əyani təhsil almışam, il boyu oxumuşam” deyirsə, onun xarici pasportu yoxlanılacaq: giriş-çıxış məsələsinə baxılacaq, hansı müddətdə Azərbaycana gəlib, nə qədər müddət orada yaşayıb, doğrudan da orada təhsil alıb, ya yox – bu məsələlər araşdırılacaq.
Və ən əsası bunu qeyd edim ki, tələbənin əyani və ya qiyabi təhsil aldığı ixtisas Azərbaycanda yalnız əyani formada tədris olunursa, bu halda həmin diplom tanınmır. Buna görə də tələbə seçdiyi ixtisasa diqqət etməlidir ki, Azərbaycanda hansı formada tədris olunur. Mütləq şəkildə buna diqqət yetirməlidirlər. Əks halda, onların tökdüyü pullar və xərclədikləri vaxt boşa getmiş olacaq”.
Bir sözlə, E. İbrahimovanın da qeyd etdiyi kimi, xaricdə təhsil almaq imkanları geniş olsa da, tələbələr ixtisas seçiminə, təhsilin forması və diplomların tanınmasına xüsusi diqqət yetirməlidirlər.
Cəmilə Cəfərzadə






