media-abab24a4-bba4-4244-870d-25bc40197eef

Son dövrlərdə Bakı şəhərində və digər bölgələrdəki xəstəxanalarda, xüsusilə dövlət xəstəxanalarında növbələrin hədsiz dərəcədə uzanması və xidmətin keyfiyyətinin aşağı düşməsi, cəmiyyətin ciddi narahatlığına səbəb olur.

Patrulaz.az-ın məlumatına görə, xəstəxanalarda uzun gözləmə müddətləri, həkimlərə olan yüksək tələbat və artan xəstəliklərin yaratdığı sıxlıq, həm xəstələrin müalicə müddətini uzadır, həm də onların həyat keyfiyyətini aşağı salır.
Xəstəxanalarda növbələrin artmasının əsas səbəblərindən biri, tibb xidmətlərinin artan tələbi ilə əlaqələndirilir. Son dövrlərdə sığorta ilə həkim qəbulunun tətbiqi, daha çox insanın tibbi xidmətlərdən yararlanmasına imkan yaratmış olsa da, bu, bir tərəfdən daha çox müraciətin olmasına və sıxlığın yaranmasına səbəb olub. Həmçinin, mövsümi və infeksion xəstəliklərin yayılması da xəstəxanalarda daha çox müraciətə gətirib çıxarır.
Bundan əlavə, həkim çatışmazlığı və resursların məhdudluğu da bu sıxlığın digər səbəblərindəndir. Xəstəxanalarda tibb işçilərinin sayının az olması, xəstə qəbulunun düzgün tənzimlənməməsi və kifayət qədər müayinəyə zamanı ayrılmaması problemləri daha da dərinləşdirir.
Xəstəxanalardakı sıxlıq, xüsusilə həkimlərin hər bir xəstəyə kifayət qədər vaxt ayıra bilməməsinə gətirib çıxarır. Yüksək iş yükü və qısa müayinə vaxtı, həkimlərin xəstələrin vəziyyətini dərindən qiymətləndirmələrini çətinləşdirir. Bunun nəticəsində, bəzi hallarda xəstələr düzgün müalicə almayaraq geri dönür və ya müalicənin vaxtında başlanmaması səbəbindən vəziyyətləri daha da pisləşir.
Bu problemi həll etmək üçün bir neçə addımın atılması vacibdir. İlk növbədə, xəstəxanalarda tibb işçilərinin sayının artırılması, müayinə vaxtlarının daha düzgün və ədalətli şəkildə bölüşdürülməsi, növbələrin tənzimlənməsi və resursların daha effektiv şəkildə istifadəsi zəruridir. Eyni zamanda yeni tibbi mərkəzlərin açılması və mövcud xəstəxanaların infrastrukturlarının gücləndirilməsi ilə sıxlığın qarşısını almaq mümkündür.
Sığorta sisteminin düzgün tətbiqi və təcili tibbi yardıma ehtiyacı olan şəxslər üçün prioritet qaydalarının müəyyən edilməsi də önəmli addımlardır.

Nigar Ramazanova


Bənzər xəbərlər