“İstilik xətləri köhnəlib” - “Azəristiliktəchizat”dan Lütfizadə küçəsindəki istilik probleminə açıqlama
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən yaşayış binalarında mənzillərin istilik təminatı ilə bağlı ciddi problemlərin yaşandığı bildirilib.
Sakinlərin sözlərinə görə, istilik sistemlərinin qaz təminatında fasilələr mövcuddur. Redaksiyamıza ödənişlərin mütəmadi şəkildə həyata keçirildiyi, buna baxmayaraq mənzillərin faktiki olaraq istiliklə təmin edilmədiyi bildirilib.
Məsələ ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, Patrul.az problemin araşdırılması və aradan qaldırılması məqsədilə “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən binalar “Azəristiliktəchizat” ASC-nin balansındadır və hazırda normal istiliklə təmin olunur:
“Nəzərinizə çatdırırıq ki, sözügedən binalar “Azəristiliktəchizat” ASC-nin balansındadır və istiliklə də təmin olunur. Əgər hər hansı bir mənzildə istilik sistemi ilə bağlı problem yaranarsa, sakinlər 956-012-956 nömrəli qaynar xəttə birbaşa müraciət edə bilərlər”.
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı redaksiyamıza göndərilən fotolarda əks olunan Lütfizadə küçəsində yerləşən binaların istilik sisteminə aid boru xətlərinin mövcud texniki vəziyyəti ilə bağlı da açıqlama verib.
Onun sözlərinə görə, bəzi hallarda boru xətlərinin köhnəlməsi, paslanması, su sızmaları və nasazlıqlar qeydə alınır və bu problemlər qış aylarında müvəqqəti üsullarla aradan qaldırılır:
“Əgər binanın istilik xəttində qəza baş veribsə və bu qəza böyükmiqyaslı deyilsə, xüsusilə şaxtalı hava şəraitində binanın istilik təminatının tam dayanmaması üçün müvəqqəti və sadə üsullardan istifadə olunur. Taxtanın istilik xəttinə salınması da qısa müddətdə axıntının qarşısını almaq məqsədi daşıyır”.
Qurum istilik xətlərində qəza baş verdikdə tətbiq olunan əsas prosedurları da açıqlayıb:
“Binanın istilik təminatı dayandırılır;
İstilik xəttindəki su boşaldılır;
Təmir işləri həyata keçirilir;
Təmir başa çatdıqdan sonra isti su yenidən xəttə vurulur”.
Bildirilib ki, xüsusilə soyuq hava şəraitində bu proseslər zamanı binanın bəzi mənzillərinə müəyyən müddət istilik verilməyə bilər. Lakin problemin daha qısa zamanda müvəqqəti aradan qaldırılması üçün bu cür tədbirlər görülür. Hava şəraiti mülayimləşdikdən sonra isə zədələnmiş istilik xətlərinin tam bərpası və ya dəyişdirilməsi istiqamətində işlər aparılır.
Sonda “Azəristiliktəchizat” ASC sözügedən binalarda zərər görmüş istilik xətlərinin tam şəkildə təmir olunacağını bildirib:
“İstilik sisteminin mövcud vəziyyəti dəyişdirilərək təmir olunacaq və bununla da problem tam aradan qaldırılacaq”.


Gülbəniz Səfərova






