Xoşbəxtlik paylaşıldıqca artır, yoxsa azalır? - Psixoloqdan AÇIQLAMA
Bəzən xoşbəxtlik yalnız daxili bir hal kimi deyil, başqaları ilə qurulan münasibətlər fonunda formalaşan psixoloji təcrübə kimi ortaya çıxır. İnsan sevincli anlarını paylaşdıqda bu hisslərin daha da gücləndiyini düşünənlər olduğu kimi, əksinə, paylaşımın emosiyaların dəyərini azaltdığını iddia edən yanaşmalar da mövcuddur. Sosial təsdiq, empatiya, gözləntilər və fərdi sərhədlər bu prosesdə mühüm rol oynayır.
Bəs psixoloji baxımdan xoşbəxtlik hissi paylaşıldıqca artır, yoxsa azalır?
Bu barədə psixoloq Vüsalə Əmiraslanova Patrul.az-a açıqlamasında bildirib ki, xoşbəxtlik paylaşıldıqca azalmaq əvəzinə, düzgün və qədərində bölüşüldükdə insanın emosional rahatlığını artıran və onu daha mənalı edən bir hissə çevrilir:
“Ümumiyyətlə, xoşbəxtlik hissinin necə yarandığına nəzər yetirək. Xoşbəxtlik hissi bizim hormonal və psixoloji sistemimizlə çox sıx bağlıdır. Buraya bir çox amillər daxildir: yediyimiz qidalar, yuxu rejimimiz, insanlararası münasibətlər və s.Amma əlbəttə ki, insanlar xoşbəxt olduqlarını təkbaşına yaşamalı deyillər. Necə ki, ağrımızı və acımızı paylaşanda rahatlayırıq, xoşbəxtliyimizi paylaşanda da rahatlaşırıq. Çünki hər şey qədərində gözəldir.Bəzən insanlar düşünür ki, “mən xoşbəxtəmsə, bunu heç kimlə paylaşmayım, çünki azalacaq”. Bu, əslində eqoist hisslərdən qaynaqlanır. Halbuki biz sevinəndə də, xoşbəxt olanda da paylaşmalıyıq. Kədərlənəndə yaxın insanlarımızla paylaşdığımız kimi, xoş anlarımızı da bölüşməliyik. Bu zaman özümüzü daha rahat hiss edirik.Təəssüf ki, son vaxtlar paylaşılan videolar və müzakirə olunan mövzular insanlara daha çox “xoşbəxtsənsə, özündə saxla, heç kimlə bölüşmə” mesajı verir. Bu isə çox mənfi yanaşmadır. Çünki insan ilk növbədə özünü xoşbəxt etməyi bacarmalıdır əsas məsələ də məhz budur”.
Psixoloqun sözlərinə görə, insan əvvəlcə öz daxili balansını və xoşbəxtliyini qurmalı, bunu paylaşmaqdan çəkinməməli və bilməlidir ki, həm xoş, həm də çətin hisslər həyatın keçici və təbii hissəsidir:
“İnsan əvvəlcə özü xoşbəxt olmağı bacarmalı, özünə dəyər verməli, imkanları daxilində sağlam qidalanmalı, yuxu rejiminə diqqət etməlidir. Bundan sonra ətrafındakı insanlar da onunla birlikdə xoşbəxt olmağa başlayacaqlar. Əgər mənim rahatlığım və xoşbəxtliyim yoxdursa, yanımdakı insan da rahat və xoşbəxt ola bilməz.Əgər mən həqiqətən xoşbəxtəmsə və doğrudan da yaxşı insanamsa, bu hissi başqaları ilə bölüşəcəyəm. Bölüşdükcə də özümü daha xoşbəxt və daha rahat hiss edəcəyəm.Amma hər birimiz anlamalıyıq ki, həftənin yeddi günü xoşbəxt olmaq mümkün deyil, necə ki, yeddi günü də pis olmaq mümkün deyil. Burada bir tarazlıq var. Ola bilər ki, üç gün özümü çox xoşbəxt hiss edim, iki gün isə bir az narahat olum. Vacib olan budur ki, bilək: hər iki hal keçicidir”.
Cəmilə Cəfərzadə






