media-img_7031

Patrul.az redaksiyasına müraciət edən izləyici bildirir ki, “Yango” taksi tətbiqi vasitəsilə sifariş verdikdən bir neçə saniyə sonra 90-YX-756 dövlət qeydiyyat nişanlı, “Chevrolet Cobalt” markalı avtomobil və Elvin adlı sürücü onun ünvanına təyin olunub. Lakin bir müddət sonra sərnişin taksi hələ mənzil başına çatmadığı halda tətbiqdə “taksi çatdı” xəbərdarlığının verildiyini görüb.

İzləyici məsələ ilə bağlı “Yango” tətbiqinin mesajlaşma bölməsi vasitəsilə sürücüyə müraciət edərək, taksi faktiki olaraq ünvana çatmadığı halda niyə “taksi çatdı” xəbərdarlığının vurulduğunu soruşub və bu hal üzrə şikayət edəcəyini bildirib. Bundan sonra isə sürücü Elvinin cavabı etik normalardan kənar olub. İddiaya görə, sürücü sərnişini ağır və təhqiredici ifadələrlə hədəf alıb.

Bu cür davranış təkcə müştəri məmnuniyyətinə deyil, ümumilikdə taksi xidmətinin etibarına ciddi zərbə vurur. Sərnişinin hüquqlarının pozulması, üstəlik təhqir olunması heç bir halda qəbul edilə bilməz. Taksi xidməti göstərən şəxs öz davranışına görə həm hüquqi, həm də mənəvi məsuliyyət daşıdığını unutmamalıdır.

Baş verənlər “Yango” taksi platformasında sürücülərə nəzarət mexanizmlərinin nə dərəcədə effektiv olduğu sualını gündəmə gətirir. Belə hallara göz yummaq həm sərnişinlərin etimadını sarsıdır, həm də bu sahədə xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Aidiyyəti qurumlar və platforma rəhbərliyi bu kimi hallara qarşı daha sərt mövqe nümayiş etdirməlidir.

media-img_7033 media-img_7032


Bənzər xəbərlər