media-inshot_20251202_193220950

Zaman keçdikcə formalaşan texnoloji yeniliklər insanların bir-birinə olan davranışına da təsir göstərir. Müasir dövrümüzdə insanlar artıq real deyil, virtual görüşməyə üstünlük verir. İndi dünyanın istənilən nöqtəsində olan insanlar canlı yayımlar vasitəsilə bir araya gəlir və evində oturaraq bir-birlərinin mədəni dəyərləri ilə yaxından tanış ola bilirlər.

Söhbət xüsusən “TikTok” sosial platformasından gedir. Bir-birindən uzaq insanları saniyələr içində bir araya gətirən “TikTok” canlı yayımları buna bariz nümunədir.

“TikTok”un Azərbaycanda yayıldığı ilkin vaxtlara nəzər saldıqda, təkcə gənclər çoxluq təşkil edirdisə, indi də orta yaşlı insanlar ona maraq göstərməyə başlayıblar. Hətta, çoxumuz, ictimai yerlərdə “TikTok”u izləyən yaşlılarla da tez-tez rastlaşırıq. Maraqlıdır ki, əyləncə məqsədilə gənclərin üstünlük verdiyi “TikTok”a yaşlı təbəqənin nümayəndəsi niyə bu qədər maraq göstərir?

Digər tərəfdən, hər yaş insanın sevimlisi olan “TikTok”un manipulyasiyasına və mənfi təsirlərinə düşməmək üçün hansı psixoloji üsul və amillərdən istifadə olunmalıdır?

Bu barədə psixoloq Aytən Ələkbərova Patrul.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, yaşlıların darıxmamaq üçün üz tutduğu “TikTok”un manipulyasiyasına məruz qalınmaması üçün beyin özünü psixoloji cəhətdən düzgün istiqamətdə kodlaşdırmalıdır:

“Son vaxtlar müraciət edən şəxslərdən biri valideyninin gecə-gündüz “TikTok”da olduğunu və hətta səhvən, bilmədən üzünün şəkilini çəkərək “TikTok”da paylaşdığını bildirib. Təbiidir ki, bu yaşlı nəsil telefondan tam baş çıxarmasa da, darıxmamaq üçün ondan istifadə edir. Bütün bunlar isə misal çəkdiyim yanlışlıqların baş verməsinə gətirib çıxarır.

Digər tərəfdən, artıq yaşlılarda darıxma halları müşahidə edilir. Çünki onlar gənclik vaxtlarındakı kimi tez-tez gəzə bilmirlər. Hətta məclislərə belə istədikləri vaxtda gedə bilmirlər. Ona görə də, telefondan istifadə etməklə başlarını qatırlar. Lakin bunun ən böyük mənfi təsiri ayaqların tutulmasıdır, xüsusən də uzun müddət uzanmış vəziyyətdə telefon istifadə edildikdə”.

media-inshot_20251202_193348477

A. Ələkbərovanın fikrincə, insan ətrafda baş verənləri müşahidə edib özünə uyğun addımlar atmalı və bu yolla da sosial medianın təsiri altına düşməməlidir:

“Bununla yanaşı, atılan addımlar da xaotik olur. “Əşi, burada nə var…” deyərək hər şey adi hesab edilir. Əvvəllər ailədə söz-söhbət olduqda, o evdən çıxan yeniyetmə utanardı ki, “bizdə söz-söhbət oldu”. Və ya öz toyunda naz-qəmzə ilə oynayan insanlar indi heç bir şüurun inkişaf etmədiyi bir dövr kimi necə gəldi addımlar atırlar. Bu vəziyyətə düşməmək üçün insan əvvəlcə öz iradəsini saxlayaraq beynində proqramlaşdırmalı və təsir altına düşməməyə çalışmalıdır. Bir sözlə, düşünməlisən: “Sosial media məni deyil, mən onu idarə edirəm”. Bu fikir insanın beyninə yükləndikdə, artıq xaotik addımlardan geriyə gedir. Məsələn, iki il əvvəl “TikTok”da hər şeyə irad tutan adam indi “həyat budur da” deyir. Göründüyü kimi, insanın öz beyninə yüklədiyi informasiyalardan çox şey asılıdır.

İnsan hansı səbəbdən geri addım atdığını axtarmır və nəticədə “TikTok”un təsiri altına düşür. Ümumiyyətlə, sosial platformaların təsiri altına düşmək və ya kiminsə kiməsə söz atması halları ictimai şüurun kifayət qədər inkişaf etməməsinə gətirib çıxarır. Yəni şəxsiyyətlər arasında pozuntuların yaranması insanın ictimaiyyətə olan münasibətlərində necə gəldi addımlar atmasına yol açır.

Bildiyimiz kimi, insanlar heyvanlardan şüurlu olması ilə fərqlənir. Buna görə də şüurumuza təsir edən bir neçə məqam var ki, psixoloji adlandırdığımız strateji hücumlar insanlar tərəfindən beynində proqramlaşdırılır. Burada hər fərdin öz psixi durumu, hətta bürcü də nəzərə alınaraq fərdi yanaşma tərzləri tətbiq oluna bilər. Ümumi yanaşdıqda isə bütün fərdlərə aid olan beyin kodlaşdırması edildikdə, “TikTok”un manipulyasiyasına məruz qalmırsan”.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər