Şahin Şıxlinski və oğluna ağır cəza tələbi: Prokuror 9 il həbs istədi
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi həlledici mərhələyə qədəm qoyub.
Patrul.az Rusiya mediasına əsasən xəbər verir ki, Kirov Rayon Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün ağır cəza müddəti tələb edib. Prokuror, Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli, oğlu Mutvalı Şıxlinskiyə isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.
Cinayət işinin materiallarına görə, insident 2025-ci il iyulun 1-də baş verib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Şahin Şıxlinskini saxlamaq məqsədilə əməliyyat keçirərkən, sükan arxasında olan oğlu Mutvalı Şıxlinski avtomobili qəfil hərəkətə gətirərək zabitlərdən birini vurub. Nəticədə hakimiyyət nümayəndəsinə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açılıb.
Qeyd edək ki, bu, Şahin Şıxlinskinin ilk məhkumluğu deyil. Cari ilin mart ayında Yekaterinburq məhkəməsi onu 2001 və 2010-cu illərdə sahibkarların sifarişli qətllərində və qətlə cəhddə təqsirli bilərək 22 il müddətinə azadlıqdan məhrum edib. Mövcud qanunvericiliyə əsasən, prokurorun tələb etdiyi yeni 9 illik cəzanın əvvəlki hökmlə birləşdirilməsi və ya qismən əlavə edilməsi gözlənilir.
Hazırda məhkəmə tərəflərin çıxışlarını dinləyir. Yaxın günlərdə ata və oğul barəsində yekun hökmün elan olunacağı gözlənilir.






