Yemək sifariş etdin, musiqiyə də pul ödəməlisən? – Hüquqşünasdan AÇIQLAMA
Restoran və kafelərdə müştərilərin yemək və içki ilə yanaşı musiqi dinləməsi, artıq bir çox ölkədə adi bir təcrübəyə çevrilib. Azərbaycanda da bu sahə inkişaf edir; xüsusilə şəhər mərkəzlərində, əyləncə və istirahət məkanlarında canlı və ya qeyri-canlı musiqi təqdim olunur. Bəzi restoranlar əlavə dəyər yaratmaq üçün musiqi səviyyəsini yüksəldir, canlı konsertlər təşkil edir və ya xüsusi DJ performansları təqdim edirlər. Bu zaman bəzi müəssisələr musiqiyə qulaq asmaq üçün əlavə ödəniş tələb edə bilirlər.
Bəs, restoranlarda musiqiyə qulaq asmaq üçün müştəridən ödəniş tələb etmək qanunidir?
Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, restoran və kafelərdə canlı musiqi və şou üçün müştəridən əlavə ödəniş yalnız menyuda göstərildikdə və könüllü olduqda mümkündür:
“Azərbaycan qanunvericiliyinə görə (əsasən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun), restoran və kafelərdə canlı musiqi və ya şou proqramları üçün müştərilərdən menyudan əlavə haqq alınmasına ümumiyyətlə icazə verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.17-ci bəndinə əsasən:
“İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir.” Lakin bu, ciddi şərtlərə bağlıdır və bir çox hallarda praktikada problemlər yaradır”.

Hüquqşünas vurğulayıb ki, restoranlarda musiqi üçün əlavə ödəniş yalnız şəffaf şəkildə və müştərinin razılığı ilə tətbiq olunmalı, məcburi xarakter daşımamalıdır:
“Əsas tələblər bunlardır:
– Qiymət şəffaflığı təmin olunmalıdır – əlavə haqq (məsələn, “canlı musiqi haqqı”, “şou proqramı haqqı”) əvvəlcədən aydın şəkildə bildirilməlidir. Bu, menyuda, girişdə lövhəsində, rezervasiya zamanı, vebsaytda və ya digər görünən formada olmalıdır. Haqq ayrıca bilet və ya giriş haqqı kimi təqdim oluna bilər (məsələn, “canlı musiqi gecəsi üçün giriş 20 AZN” və ya “şou proqramı ilə masa rezervasiyası minimum 100 AZN sifariş + əlavə haqq”). Bu halda müştəri bunu bilərək və qəbul edərək gəlir. Yaxud menyuda ayrıca sətrdə “Canlı musiqi / şou proqramı xidməti – 10-15% əlavə” kimi qeyd oluna bilər.
– Məcburi olmamalıdır – əlavə haqq müştərinin razılığı ilə alınmalıdır. Müştəri “sadəcə yemək yemək” istəyirsə və əyləncədən imtina edirsə, bu haqqı ödəməyə məcbur edilə bilməz. Məcburi xidmət haqqını qəbzə əlavə etmək qanunsuzdur.
Bur cür əlavə haqqlar müştəriyə qabaqcadan bildirilməyibsə və ya sonradan tələb olunursa, bu, istehlakçı hüquqlarının pozulması sayılır və müştəri hesabı ödəməkdən imtina edə, zərərin ödənilməsini tələb edə bilər”.
Cəmilə Cəfərzadə






