media-inshot_20251230_232311521

Yeni il ərəfəsində hədiyyə qutularına maraq artdığı bir vaxtda əsas suallardan biri də budur: Hədiyyə qutularını özümüz hazırlasaq daha ucuz başa gələr, yoxsa mağazadan hazır alsaq?

Patrul.az-ın Bakı şəhərində fəaliyyət göstərən hədiyyə mağazaları və onlayn satış platformaları üzərində apardığı araşdırmaya görə, hər iki variantın qiymət fərqi əsasən qutunun ölçüsü, dizaynı və içərisindəki məhsulların keyfiyyətindən asılıdır.

Araşdırma zamanı məlum olub ki, boş Yeni il hədiyyə qutularının qiyməti bazarda orta hesabla 2-15 manat arasında dəyişir. Qutunun içinin şirniyyatlar, konfetlər, şokoladlar və kiçik hədiyyələrlə doldurulması isə əlavə olaraq 10-40 manat arası xərc tələb edir. Bu halda ev şəraitində hazırlanan hədiyyə qutusu təxminən 15-50 manat civarında başa gəlir.

Mağazalarda satışda olan hazır Yeni il hədiyyə qutuları isə ölçü və tərkibinə görə 5 manatdan başlayaraq 60 manata qədər təklif olunur. Orta səviyyəli, əsasən şirniyyat və şokolad məhsulları ilə doldurulmuş hazır qutuların qiyməti 20-30 manat aralığında dəyişir.

Araşdırmaya əsaslanaraq bildiririk ki, özünüz hazırladığınız hədiyyə qutuları daha fərdi seçim imkanı yaratsa da, vaxt və rahatlıq baxımından mağazadan hazır qutular üstünlük təşkil edir.

Lakin hədiyyə qutusunu özünüzün hazırlaması daha məqsədəuyğundur. Çünki 60 manata hazır, içi dolu hədiyyə qutusu aldıqda, onun içindəki şirniyyatlar zövqünüzə uyğun olmaya bilər. Qutunu özünüz hazırladıqda isə içərisini istədiyiniz şirniyyatlarla doldurmaq imkanınız yaranır.

Beləliklə, Yeni il üçün hədiyyə seçimi edərkən əsas meyarlar büdcə, vaxt və fərdilik olaraq qalır. Seçim isə tamamilə alıcının prioritetlərindən asılıdır.

Qeyd edək ki, göstərilən qiymətlər bazardakı mövcud təkliflər əsasında formalaşıb və məhsulun növü, markası və satış nöqtəsindən asılı olaraq dəyişə bilər.


Bənzər xəbərlər