Yeni il süfrəsi ailə büdcəsinə neçəyə başa gəlir? - Ekspertdən qiymət açıqlaması
Yeni ilin gəlişi ilə birlikdə ailələrdə bayram hazırlıqları sürətlənir, süfrələr üçün müxtəlif ərzaq məhsulları alınır, menyular planlaşdırılır. Son illər bazarlarda və marketlərdə qiymətlərin dəyişməsi isə Yeni il süfrəsinin ailə büdcəsinə təsirini daha da aktuallaşdırır. Xüsusilə də ərzaq məhsullarında müşahidə olunan bahalaşma fonunda vətəndaşlar bayram xərclərini əvvəlki illərlə müqayisə etməyə çalışırlar.
Bəs Yeni il süfrəsinin hazırlanması ailə büdcəsinə orta hesabla neçəyə başa gəlir və bu xərclər əvvəlki illərlə müqayisədə necə dəyişib?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Yeni il süfrəsinin xərci bu il orta hesabla 140-200 manatdır və bahalaşıb:
“Bu il Azərbaycanda orta hesabla 4 nəfərlik ailənin Yeni il süfrəsinin hazırlanması təxminən 140–200 manat civarına başa gəlir. Sadə süfrə üçün – plov, salat, hinduşka və ya digər ət, meyvə‑tərəvəz, tort və içkilər daxil olmaqla bu məbləğ adətən təxminən 140 manat ətrafındadır, bəzi hesablamalara görə isə 150–200 manat arası büdcə tələb olunur. Bu xərclərdə hinduşka və ət məhsulları, plov üçün lazım olan ərzaqların payı böyükdür.
Əvvəlki illərlə müqayisədə bayram süfrəsi xərcləri də artmaqdadır. Məsələn, 2023‑2024 illərində 30 əsas ərzaq məhsulu səbətinin dəyəri illik təxminən 6% artaraq 156‑dən 167 manata yüksəlib ki, bu da süfrə üçün lazım olan məhsulların qiymətinin əvvəlki ilə nisbətən daha baha olduğunu göstərir”.
Ekspertin sözlərinə görə, ərzaq inflyasiyası səbəbindən Yeni il süfrəsinin xərci artıb və bayramın bir neçə gün davam etməsi bu yükü ailə büdcəsi üçün daha da ağırlaşdırır:
“Qiymət artımının əsas səbəbi ərzaq inflyasiyası, tərəvəz, ət və digər məhsulların qiymətlərinin yüksəlməsidir. Bu isə bir çox ailələr üçün bayram büdcəsinin daha çox planlaşdırılmasını tələb edir.
Qısa desək, Yeni il süfrəsinin orta xərcinin illər ərzində artdığı görünür və bu artım ümumi inflyasiya fonunda davam etməkdədir.
Bu yalnız bir süfrə üçün nəzərdə tutulan xərcdir. Nəzərə alsaq ki, bayram bir neçə gün davam edəcək, qonaqlar gələcək, ailə harasa qonaq gedəcək, onda bu xərclər bir neçə dəfə artacaq”.
Cəmilə Cəfərzadə






