Yeni ixtisas hansı universitetlərdə olacaq? - GÖZLƏNTİLƏR
Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, daşınmaz əmlakın idarə olunması ixtisası da sözügedən siyahıya əlavə edilib.
Bəs bu ixtisasın perspektivi nədir? Niyə gənclər bu ixtisası seçməlidir?
Mövzu ilə bağlı Patrul.az-a danışan təhsil eksperti Vüsət Əzizov bildirib ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası son illərdə bir çox ölkədə sürətlə populyarlıq qazanan sahələrdən biridir və onun siyahıya əlavə edilməsi də təsadüfi deyil:
“Bu qərar həm əmək bazarının ehtiyaclarından, həm də iqtisadi inkişaf trendlərindən irəli gəlir.
Bu sahənin əsas üstünlüyü odur ki, o, birbaşa real iqtisadi aktivlərlə – yəni mənzil, ofis, ticarət obyektləri, torpaq və s. ilə bağlıdır. Son dövrlərdə tikinti sektoru genişlənir və yeni yaşayış kompleksləri və biznes mərkəzləri artır. Bundan başqa xarici investisiyalar daşınmaz əmlak sektoruna yönəlir.
Bu isə o deməkdir ki, danınmaz əmlakların peşəkar idarə olunmasına ehtiyac getdikcə artır”.
Ekspertin sözlərinə görə, tələbələr adətən bu sahədə əmlakın qiymətləndirilməsi, icarə və satış proseslərinin idarə olunması, hüquqi məsələlər, maliyyə və investisiya analizi və layihələrin idarə olunması və s mühüm istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə edir:
“Yəni bu ixtisas həm iqtisadiyyat, həm hüquq, həm də menecmenti birləşdirir. Bu ixtisası bitirənlər əmlak və tikinti şirkətlərində, bank və investisiya qurumlarında kommersiya obyektlərinin idarə olunmasında çalışa bilərlər. Hətta müəyyən təcrübə topladıqdan sonra həmin şəxslər bu sahədə öz biznesini qura bilər. Yüksək gəlir potensialı bu ixtisas üçün əsas cəlbedici amildir.
Daşınmaz əmlakın idarə olunması ixtisası gələcəyi olan, praktik və bazar yönümlü sahədir. Xüsusilə iqtisadi inkişaf və urbanizasiya davam etdikcə bu peşəyə ehtiyac daha da artacaq. Həmçinin Qarabağda quruculuq işləri davam etdiyi üçün bu sahədə ixtisaslı “kardlara” daim ehtiyac olacaq”.
V.Əzizov qeyd edib ki, hazırda “daşınmaz əmlakın idarə olunması” ixtisası tam yeni olduğu üçün hələ ki, hansı universitetlərdə tədris olunacağı dəqiq deyil:
“Lakin ilk olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində olması gözlənilir. Çünki adı çəkilən ali təhsil müəssisələrində “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası var və buna görə də “Daşınmaz əmlakın idarə olunması” ixtisası da elə burada tədris oluna bilər. 2026-cı ilin avqust ayında Dövlət İmtahan Mərkəzinin nəşr edəcəyi “Abituriyent 4” jurnalında bu ixtisasın yer aldığı ali təhsil müəssisələrinin siyahısı, plan yerləri, ödənişli və ya dövlət sifarişli olması, əyani və ya qiyabi olması yer alacaq”.
Ləman Sərraf






