Yeniyetmələrdə şiddətə meyillik niyə baş verir? - AÇIQLAMA
“Şəmkirdə yeniyetmənin atasını qətlə yetirməsi ilə bağlı yayılan xəbər cəmiyyətdə ciddi suallar yaradıb. Bu kimi hadisələr təsadüfi deyil və adətən yeniyetməlik dövrünün psixoloji çətinlikləri ilə bağlı olur”.
Bu fikirləri psixoloq Fidan Azərqızı Patrul.az-a açıqlamasında səsləndirib.
O qeyd edib ki, yeniyetməlik dövründə duyğular çox sürətlə dəyişir:
“Qəzəb, məyusluq və gərginlik düzgün ifadə olunmadıqda, yeniyetmə bunu aqressiv davranışla göstərə bilər. Çünki bu yaşda emosiyaları idarəetmə bacarığı hələ tam formalaşmır.
Ailə mühiti burada əsas rol oynayır. Davamlı mübahisə, zorakılıq, diqqətsizlik və ya sərt münasibət yeniyetmədə daxili gərginlik yaradır. Özünü başa düşülməmiş və dəyərsiz hiss edən yeniyetmə şiddəti problem həll yolu kimi qəbul edə bilər”.

Psixoloqun sözlərinə görə, bu dövrdə yeniyetmə “mən kiməm?” sualına cavab axtarır:
“Ona güvən verən, dinləyən biri olmadıqda, güc və nəzarət hissini aqressiya ilə əldə etməyə çalışa bilər. Bəzi hallarda depressiya, impulsiv davranışlar və psixoloji problemlər riski daha da artırır.
Yeniyetməlik dövrünün sağlam keçməsi üçün açıq ünsiyyət çox vacibdir. Yeniyetmə dinlənildiyini və anlaşıldığını hiss etməlidir. Qaydalar sərt cəza ilə deyil, izah və sevgi ilə qoyulmalıdır. Davranışda ani dəyişikliklər müşahidə olunarsa, psixoloji dəstəyə vaxtında müraciət etmək önəmlidir”.
“Unutmamalıyıq ki, yeniyetmələrdə şiddətin qarşısını almağın yolu cəzalandırmaqdan yox, anlamaqdan və dəstək olmaqdan keçir”,– deyə o əlavə edib.
Ləman Sərraf






