1 günlük, yoxsa uzunmüddətli atəşkəs? - ŞƏRH
Rusiyanın Moskva şəhərində 9 May Qələbə Günü münasibətilə hərbi parad keçiriləcək. Bu hərbi nümayiş 2008-ci ildən bəri Qırmızı meydanda keçirilən digər paradlardan tamamilə fərqli olacaq.
Belə ki, paradda nə mobil rabitə, nə də texnika olacaq. Bu qərarın əsas məqsədinin Ukrayna tərəfindən gözlənilən mümkün dron hücumlarının qarşısını almaq və təhlükəsizliyi təmin etmək olduğu qeyd edilir. Texnika olmasa da, paradda müxtəlif hərbi məktəblərin kursantları və Silahlı Qüvvələrin fərqli bölmələrinin piyada kolonları yürüş edəcək.
“Məhdudiyyətli parad”la bağlı gündəmə gələn digər məsələ həmin gün Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməyə hazır olduğunu bildirməsi ilə bağlıdır. Prezidentin mətbuat katibi Dmitri Peskov bu qərarın Rusiya tərəfindən verildiyini və Ukraynanın cavabına da ehtiyac olmadığını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu atəşkəsin yalnız həmin günə aid olub-olmaması, yoxsa uzunmüddətli xarakter daşıyıb-daşımayacağı ilə bağlı suallar səsləndirib. Zelenski qeyd edib ki, bu qərarın sadəcə “Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik” təminatı, yoxsa ciddi sülh təşəbbüsü olduğu dəqiqləşdirilməlidir.
Maraqlıdır ki, Putinin dediyi atəşkəs uzunmüddətli olacaq? Yoxsa yalnız 9 May ilə məhdudlaşacaq?
Bununla bağlı politoloq Oqtay Qasımov Patrul.az-a öz şərhini verib.
O bildirib ki, atəşkəs yalnız paradın keçiriləcəyi bir günü – 9 Mayı əhatə edəcək:
“Vladimir Putin Donald Trampla telefon danışığı zamanı 9 Mayda atəşkəslə bağlı səsləndirdiyi fikir yalnız həmin günü əhatə edir. Rusiya lideri istəyir ki, həmin gün keçiriləcək parad ərazisində Ukrayna tərəfindən hər hansı raket və ya PUA hücumu baş verməsin. Ukrayna isə bu məsələdə daha uzunmüddətli atəşkəsdə maraqlıdır.
Bir sözlə, məsələyə Rusiya və Ukraynanın baxışı ciddi şəkildə fərqlənir. Belə ki, Kreml atəşkəsdən daha çox birbaşa sülh razılaşmasının imzalanmasını istəyir. Ukrayna isə uzunmüddətli atəşkəs və bu müddətdə danışıqların aparılması, razılaşmaların əldə edilməsini nəzərdə tutur. Bu baxımdan, sözügedən qərar Putin tərəfindən verilsə də, Ukrayna tərəfinin buna əməl edib-etməyəcəyi hələlik məlum deyil”.

Politoloq həmin gün Ukraynanın Moskvaya zərbə endirəcəyini ehtimal etmir:
“Fikrimcə, Kiyev hökuməti də 9 Mayda Moskvada keçiriləcək parada yaxın ərazilərə hər hansı hücumlar həyata keçirməz. Çünki həmin gün Rusiya cəmiyyəti üçün həssasdır və bu, Ukrayna tərəfindən də başa düşülür. Ümumilikdə, Putinin bəhs etdiyi Rusiya-Ukrayna arasında atəşkəs məsələsi yalnız 9 Mayda baş tutacaq”.
Gülbəniz Səfərova






