"-18°C-dən yuxarı temperatur qida təhlükəsizliyini pozur" - XƏBƏRDARLIQ
Son illər sürətli həyat tərzi və vaxt qıtlığı dondurulmuş qidaları bir çox ailələr üçün əlçatan və rahat seçimə çevirib. Market rəflərində geniş çeşiddə təqdim olunan bu məhsullar uzun müddət saxlanma imkanı və asan hazırlanması ilə seçilir. Lakin gündəlik qidalanmada bu cür məhsulların payının artması istehlakçılar arasında müxtəlif müzakirələrə səbəb olur. Dondurulmuş qidaların tərkibi, saxlanma şəraiti və istehsal prosesi ilə bağlı suallar getdikcə aktuallaşır.
Bəs dondurulmuş qidalar sağlamlığa təhlükədirmi: dad, yoxsa risk?
Bu barədə Qida eksperti Fərid Səfərov Patrul.az-a açıqlamasında bildirib ki, dondurulmuş qidalar düzgün şəraitdə dondurulub saxlanıldıqda təhlükəsizdir və qida dəyərini əsasən qoruyur, lakin əridilmə və temperatur rejiminin pozulması risk yarada bilər:
“Dondurulmuş qidalar düzgün dondurlub və düzgün istifadə olunursa risk deyil, amma bəzi nüanslar var.
Dondurulma nədir?
Dondurulma prosesi qidanın içindəki mikroorqanizmlərin çoxalmasını demək olar ki, dayandırır, lakin onları tam məhv etmir. Yəni bakteriyalar “ölmür”, sadəcə “yuxu rejiminə” keçir. Qida əridiləndə isə yenidən aktivləşə bilirlər.
Qida dəyəri azalırmı?
Əksər hallarda yox, ciddi itki olmur. Meyvə və tərəvəzlər çox vaxt yığılandan dərhal sonra dondurulur və bu, vitaminlərin (xüsusilə C vitamini və folatın) qorunmasına kömək edir. Amma uzun müddət saxlanma və temperaturun pozulması bəzi vitamin itkilərinə səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, dondurulmuş qidalarla bağlı risk dondurulma prosesindən deyil, əsasən onların yanlış əridilməsi, saxlanması və istifadə vərdişlərindən qaynaqlanır:
“Təhlükə harada başlayır?
Risk əsasən istifadə mərhələsində yaranır.
– Qidanın otaq temperaturunda əridilməsi.
– Əridilmiş məhsulun yenidən dondurulması.
– Dondurucuda -18°C-dən yuxarı temperatur.
– Açıq, düzgün bağlanmamış qablaşdırma.
Bu hallarda bakterial çirklənmə riski xeyli artır.
Daha təhlükəsiz istifadə üçün:
– Evdə dondurulmuş qidalara üstünlük ver.
– Əridilməni soyuducuda et.
– Əridilmiş qidanı yenidən dondurma.
– Qablaşdırma üzərindəki son istifadə tarixinə bax.
– Dondurucunun temperaturunu daim nəzarətdə saxla.
Dondurulmuş qidalar düzgün seçilib, düzgün saxlanıb və düzgün bişirilərsə, sağlam qidalanmanın bir hissəsi ola bilər. Risk, əsasən, yanlış vərdişlərdən yaranır, dondurulmanın özündən yox.
Sağlam qidalanaraq sağlam yaşayın!”
Cəmilə Cəfərzadə






