2026-cı ilin Parlament seçkilərində Paşinyan hakimiyyəti devrilə bilərmi? - ŞƏRH
Ermənistanda 2026-cı il iyunun 7-də növbəti Parlament seçkiləri keçiriləcək. 2018-ci il mayın 8-dən bəri Ermənistanın baş naziri olan Nikol Paşinyan Serj Sarkisyanın istefasından sonra baş vermiş “Meydan hərəkatı” nəticəsində parlament səsverməsi ilə baş nazir seçilib. Daha sonra 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində də qələbə qazanaraq yenidən baş nazir olub. Məlum olduğu kimi, Paşinyanın hakimiyyəti dövründə 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ ermənilərdən azad edilib. Bundan sonra Qarabağı itirməyi qəbul etməyən bəzi müxalif qüvvələr Paşinyan hakimiyyətinə qarşı çıxmağa başladılar. Buna görə də onun siyasi xəttinə qarşı müxtəlif istiqamətli aksiyalar keçirilməyə başlayıb.
Xatırladaq ki, sentyabrın 25-də də Paşinyanın Moskvada Putinlə görüşündə Ermənistanın Rusiyadakı səfirliyi qarşısında onun dini icmalara qarşı apardığı siyasətə qarşı etiraz aksiyaları həyata keçirilmişdi.
Maraqlıdır, bütün bu hadisələr əsasında Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın devrilmə ehtimalı nə qədərdir və əgər devrilərsə, onun yerinə kimin gəlməsi gözlənilir? Eyni zamanda, Paşinyanın seçkilərdə uduzması Azərbaycan-Ermənistan arasında normallaşan münasibətlərə necə təsir göstərə bilər?
Bu sualları cavablandıran siyasi şərhçi Bədrəddin Quliyev Patrulaz.az-a açıqlamasında bildirib ki, Ermənistanda artıq Rusiyanın mövqeyi zəiflədiyi və əksinə, ABŞ-nin təsiri gücləndiyi üçün Paşinyanın növbəti seçkilərdə hakimiyyətinə qarşı çıxacaq qüvvə olmayacaq:
“Ermənistanda 2026-cı ildə keçirilən parlament seçkilərində Nikol Paşinyanın yenidən qələbə çalmasına əngəl törədən qüvvə ola bilməz. Düzdür, bu prosesə Rusiyanın cəhdləri də olacaq. Qaragen tərəfdarlarının kilsə xətti ilə ortalığa çıxarılması kimi məsələlər də gündəmdə ola bilər. Lakin Sarkisyan və Koçaryan kimi şəxslərin Paşinyana qarşı elə də gücü yoxdur. Bu günkü gündə isə regionda Amerikanın ən böyük səfirlik əməkdaşları Ermənistandadır. Cənubi Qafqazda ABŞ-nin ən böyük kəşfiyyat sistemi də Ermənistanda yerləşir”.

Siyasi şərhçi Ermənistanın Avropa İttifaqında üzv olmaq istəyini vurğulayaraq bildirib ki, bu baş tutarsa, bölgədəki prosesləri dəyişəcək.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sülh istiqamətində atdığı addımlar regiondakı Türkiyə kimi dövlətlərlə münasibətlərini normallaşdıraraq onu tranzit ölkəyə çevirir:
“İrəvan Avropa İttifaqına üzv olmaq istəyir. Onun üzvlük məsələsinin həll olunması gələcəkdə Cənubi Qafqaz və Gürcüstanda hadisələrin dəyişməsi, Avropa ilə münasibətlərin qurulması, o cümlədən Azərbaycanın Avropa İttifaqı ilə “Assosiasiya sazişi”nin imzalanması, “Şərq tərəfdaşlığı” səviyyəsində Avropa ilə əlaqələrin həm siyasi, həm iqtisadi, həm də regional təhlükəsizlik baxımından demokratik institutların bərqərar olunması bu bölgənin İran və Rusiyadan yan keçərək NATO-nun çətiri altında formalaşmasını qaçılmaz edir.
Bu gün İrəvan əhalisi Avropaya sərbəst gedib-gələrək iqtisadi proseslərdə iştirak edə bilir. Ermənistanın artıq sərhədlərini birbaşa Gürcüstan və Rusiyadan deyil, Türkiyə üzərindən açması da NATO səviyyəsində əlaqələrin qurulmasına şərait yaradıb. Bu seçkilərdə də Paşinyan tərəfdarlarının hakimiyyətdə qalması bizim milli maraqlarımıza uyğundur. Ümumiyyətlə, Ermənistanda bu proseslərə qüvvələrin ciddi qarşı çıxması çətindir. Çünki Rusiyanın bölgədə hakimiyyət dəyişikliyinə imkan verilməyəcək. Bölgədə Amerikanın diqqəti ilə də proseslər istiqamətləndirilir.
Sülh müqaviləsi ilə tranzit kommunikasiya xətlərinin açılması geosiyasi baxımdan bölgə iqtisadiyyatına böyük təsir göstərir. Bütün bunlar Ermənistanı tamamilə blokadadan çıxarır. Eyni zamanda İrəvan Azərbaycan və Türkiyə ilə birlikdə bölgə ölkələri arasında tranzit ölkəyə çevrilir. Tranzit kommunikasiya xətlərinin açılması avqustun 8-də Vaşinqtonda ilkin protokolun paraflanmasından sonra baş verən proseslər fonunda Ermənistanın bu istiqamətdə irəliləməsinin qaçılmaz olduğunu göstərir”.
B.Quliyevin sözlərinə görə, Ermənistanda parlament seçkilərinin keçirilməsi Azərbaycanın da xeyrinədir. Çünki bu proseslər zamanı konstitusiya dəyişikliklərinin də baş tutacağı gözlənilir:
“Ermənistanda hazırda Paşinyan hakimiyyətdədir. O, erməni xalqı üçün demokratik bir liderdir və onun yenidən seçilməsi bölgə və sülh proseslərinin aparılması üçün Avropa, eləcə də Qərbin maraq dairəsindədir. Azərbaycanın bu prosesdə marağı isə ondadır ki, Ermənistanda parlament seçkilərindən sonra referendum keçiriləcək və konstitusiya dəyişiklikləri baş tutacaq. Bununla da bütün iddialar aradan qaldırılacaq. Ümumilikdə, 6 ay ərzində bütün proseslər və maneələr aradan qaldırılmalıdır”.
Şərhçi bildirib ki, Rusiya parlament seçkilərinə müdaxilə edə bilməz, çünki bu halda onun Avropa İttifaqı ilə olan əlaqələri, o cümlədən Ermənistan üzərindəki iqtisadi təsiri zərər görər və sanksiyalarla üzləşər:
“Rusiya-Ukrayna müharibəsinin ağır şəkildə davam etdiyini nəzərə alsaq, Moskva bölgədəki iqtisadi münasibətlərini itirmək istəmir. Necə ki, Rusiya Avropa İttifaqına üzv olan Macarıstan və Çexiya ilə əlaqələr saxlayaraq Aİ-də öz maraqlarını müdafiə edən qüvvələrin olmasını istəyib. Buna görə də Moskva Ermənistanda seçkilərlə bağlı hərbi çevrilişə cəhd etsə, Avropa İttifaqı ilə əlaqələrini itirəcək və böyük sanksiyalarla üzləşəcək. Eyni zamanda, Ermənistan vasitəsilə Rusiyaya ötürülən materialların qarşısı alına bilər.
Buna görə də Ermənistan ərazisində azad iqtisadi əlaqələrin qurulması Rusiyanın da maraq dairəsindədir. Bütün bu münasibətlər fonunda Paşinyanın hakimiyyətdə qalması sadalanan ölkələrin maraqlarına uyğundur. Azərbaycan isə bu prosesləri diqqətlə izləyir. Çünki əlaqələrin açılması gələcəkdə Transxəzər neft-qaz kəmərlərinin ölkəmiz, Türkiyə və Ermənistan üzərindən dünya bazarına çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. İrəvan hökumətinin iqtisadi və siyasi baxımdan demokratik seçkilərə böyük ehtiyacı var. Bunu da Paşinyan həyata keçirir”.
Gülbəniz Səfərova






