"Gənclərdə infarktın əsas səbəbi oturaq həyat tərzidir" - Həkimdən XƏBƏRDARLIQ
Son günlər həm dünyada, həm də Azərbaycanda gənc yaşlarda infarkt hallarının artması ciddi narahatlıq doğurur. Tibbi statistika göstərir ki, əvvəllər əsasən yaşlılarda rastlanan ürək-damar problemləri bu gün 20–40 yaş arası insanlarda da müşahidə edilir. Mütəxəssislər bunun bir neçə əsas amillə bağlı olduğunu bildirirlər.
Bəs ümumiyyətlə, infarktın yaranmasına səbəb olan başlıca risk faktorları hansılardır?
Bu barədə invaziv kardioloq dr.Gülanə Ağayevaya Patrul.az-a açıqlamasında bildirib ki, gənclərdə infarkt hallarının artması oturaq həyat tərzi, stress, siqaret və qeyri-sağlam vərdişlərin genişlənməsi ilə bağlıdır:
“Ümumiyyətlə, son dövrlərdə gənc insanlar arasında infarkt hallarının artdığını görürük və bunun bir neçə səbəbi var. Səbəblərdən bəzilərini sadalasaq, ilk olaraq həyat tərzi dəyişikliklərini qeyd etmək istərdim. Son illərdə insanlar daha çox oturaq həyat tərzinə meyl edirlər, fiziki aktivlik azdır və bu da ürək-damar problemlərinin əsas səbəblərindən biridir. Stress və psixoloji gərginlik də ciddi rol oynayır. Belə ki, stress zamanı orqanizmdə ifraz olunan hormonlar, ürək döyüntüsünün artması və damar spazmı ürək-damar problemi olan şəxslərdə vəziyyəti daha da ağırlaşdıra bilər. Siqaret istifadəsi ən çox rast gəlinən səbəblərdən biridir. Siqaret ürək damarlarında zədələnməni sürətləndirir və infarkt hallarının yaranmasında əsas risk faktorlarından biri kimi çıxış edir”.
Həkimin sözlərinə görə, qidalanma, ailəvi meyl və zərərli maddələrin istifadəsi gənclərdə infarkt riskini artırır:
“Qidalanma da böyük rol oynayır. Yüksək trans yağlı və xolesterini artıran qidalar orqanizmdə mübadilə pozğunluqlarına səbəb olur və bu da infarkt riskini artırır. Genetik meyl, yəni ailəvi irsiyyət də mühüm faktordur. Ailəsində infarkt keçirmiş şəxslər olan insanlarda gənc yaşda infarkt ehtimalı daha yüksək olur. Bunlardan əlavə, narkotik maddələr və enerji içkiləri də infarkta səbəb ola bilən amillər arasında ön sıradadır”.
Cəmilə Cəfərzadə






