COVID-19, qrip, yoxsa soyuqdəymə? Hansına yoluxduğumuzu necə bilək? - HƏKİMDƏN AÇIQLAMA
Payız-qış mövsümündə respirator infeksiyaların artması ilə birlikdə bir çox insan oxşar əlamətlərlə üzləşir. Burun axması, öskürək, halsızlıq və hərarət kimi simptomlar həm COVID-19, həm də mövsümi qrip və adi soyuqdəymə zamanı müşahidə oluna bilər. Əlamətlərin bir-birinə bənzəməsi isə insanların hansı xəstəliyə yoluxduğunu müəyyənləşdirməsini çətinləşdirir.
Xüsusilə pandemiyadan sonra COVID-19 ilə mövsümi qrip və adi soyuqdəymə arasındakı fərqlər daha çox müzakirə olunur. Bəzi hallarda yüksək hərarət və əzələ ağrıları üstünlük təşkil edir, digər hallarda isə yüngül burun tutulması və boğaz ağrısı ilə kifayətlənir. Lakin simptomların şiddəti və gedişatı fərqli ola bilər.
Bəs hazırda xəstəlik mövsümündə COVID-19, soyuqdəymə və qrip əlamətlərini bir-birindən necə fərqləndirmək olar? Bu xəstəliklərin əsas simptom fərqləri nələrdir?
Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, havalar soyuduqca COVID-19, qrip və KRVİ halları artsa da, əlamətləri oxşar olsa belə, bu xəstəliklər başlanğıc mərhələsinə və simptomların şiddətinə görə bir-birindən fərqlənir:
“Hazırda havaların soyuması ilə birlikdə dünyada COVID-19, qrip və kəskin respirator virus infeksiyalarının (KRVİ) yayılması artır. Viruslar davamlı dəyişdiyi və mutasiyaya uğradığı üçün bu xəstəliklərin əlamətləri çox vaxt bir-birinə bənzəyir.
KRVİ adətən burun axması, boğaz ağrısı və yüngül halsızlıqla keçir. Qrip qəfil başlayır, yüksək hərarət və güclü bədən ağrıları ilə müşahidə olunur. COVID-19 isə öskürək, zəiflik, bəzən dad və qoxu hissinin azalması kimi daha dəyişkən simptomlarla özünü göstərə bilər”.

Həkim qeyd edir ki, bu infeksiyaların əlamətləri oxşar olduğu üçün dəqiq diaqnozun qoyulması məqsədilə vaxtında həkimə müraciət etmək və minimal müayinələrdən keçmək vacibdir, əks halda ağırlaşma riski arta bilər:
“Simptomlara əsasən bu infeksiyaları tam ayırmaq həmişə mümkün deyil. Buna görə ilk günlərdə həkimə müraciət etmək vacibdir.
Minimal tövsiyə olunan müayinələr:
• ümumi qan analizi
• CRP (iltihab göstəricisi)
• lazım olduqda COVID və ya qrip testi
• saturasiyanın (qanda oksigen səviyyəsinin) ölçülməsi
Vaxtında müalicə başlanmazsa, ağırlaşmalar yarana bilər:
• bronxit və pnevmoniya
• sinusit və otit
• xroniki xəstəliklərin kəskinləşməsi
• nadir hallarda ürək və ağciyər fəsadları
Erkən müraciət və hətta sadə simptomatik müalicənin vaxtında başlanması xəstəliyin ağırlaşmasının qarşısını almağa və sağalmanı daha yüngül keçirməyə kömək edir”.
Cəmilə Cəfərzadə






