60 ildən sonra bir ilk: Yalnız qadınlardan ibarət ekipaj kosmosa çıxdı
Amerikalı müğənni Keti Perri qadınlardan ibarət ekipajla kosmosa səyahət edib.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, bu, son altı onillikdə belə heyətlə həyata keçirilən ilk kosmik uçuşdur.
Uçuş ABŞ-nin özəl kosmos şirkəti “Blue Origin” tərəfindən təşkil olunub. Keti Perri “New Shepard” adlı suborbital raket vasitəsilə kosmosa çıxıb. Onu müşayiət edənlər arasında şirkətin sahibi Ceff Bezosun nişanlısı Loren Sançes də daxil olmaqla daha beş qadın yer alıb. Təxminən 10 dəqiqə davam edən uçuş zamanı ekipaj beynəlxalq səviyyədə kosmos sərhədi hesab edilən Karman xəttini keçib.
Xatırladaq ki, 1963-cü ildə sovet kosmonavtı Valentina Tereşkova kosmosa çıxan ilk qadın olmuşdu. Ondan sonra kosmosa qadınlar göndərilsə də, tam qadın ekipajla həyata keçirilən ilk uçuş isə məhz bu missiya ilə reallaşıb.
Qeyd edək ki, “Blue Origin”in bu uçuşu həm kommersiya turizminin, həm də qadınların elm və texnologiyada artan rolunun simvolik göstəricisi kimi dəyərləndirilir.
Gülbəniz Səfərova