ABŞ-Çin ticarət cəbhəsi qızışır
Tramp Çini yeni 50%-lik rüsumlarla hədələyib.
Patrulaz.az “BBC NEWS”a istinadən xəbər verir ki, ABŞ və Çin arasında ticarət gərginliyi yenidən alovlanıb. Donald Tramp Çin hökumətinin cümə günü tətbiq etdiyi 34%-lik əks tarifləri geri götürməyəcəyi təqdirdə, ABŞ-ə idxal olunan Çin mallarına əlavə 50% rüsum tətbiq edəcəyini bildirib.
Donald Tramp bu bəyanatını özünün “Truth Social” platformasında yayımlayıb. Prezident paylaşımında bunu qeyd edib: “Mənim xəbərdarlığıma baxmayaraq, Çin öz əks tədbirini tətbiq edib. Əgər bu qərar geri götürülməzsə, Çin idxalına əlavə 50% rüsum tətbiq olunacaq”.
Xatırladaq ki, ötən çərşənbə axşamı ABŞ Çindən idxal olunan mallara 34% tarif tətbiq etmişdi. Əgər Trampın nəzərdə tutduğu əlavə 50%-lik rüsum qüvvəyə minərsə, bu, Çin mallarına ümumilikdə 104%-lik tarif tətbiqi demək olacaq.
Qeyd edək ki, ABŞ və Çin arasında artan tarif gərginliyi dünya ticarətində narahatlıq yaradıb. Bu qeyri-müəyyənlik qlobal maliyyə bazarlarına da təsir göstərərək, Asiya indekslərini kəskin endirib.
Gülbəniz Səfərova