ABŞ-da daşqın və tufanlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
Həftə sonu ABŞ-ın cənub və orta qərb ştatlarını vuran tornadolar, tufanlar və güclü yağışların səbəb olduğu sel fəlakətinin təsirləri hələ də artır.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tennessi ştatında ən azı 10 nəfər, Kentukki ştatında isə kəskin hava şəraiti səbəbindən 9 yaşlı uşaq da daxil olmaqla ən azı 5 nəfər ölüb. Missuridə 16 yaşlı könüllü yanğınsöndürən də daxil olmaqla üç nəfərin, Arkanzasda 5 yaşlı uşaq da daxil olmaqla iki nəfərin, Corciyada isə iki nəfərin öldüyü təsdiqlənib. İndiana və Missisipi ştatlarında cəmi 2 nəfərin həyatını itirdiyi öyrənilib.
Yağışlardan sonra çaylarda suyun səviyyəsinin artması ilə əlaqədar 9 milyon insana daşqın xəbərdarlığı edilib.
Fırtına dünən ölkə sahillərinə doğru hərəkət edərək Florida, Corciya və Karolina ştatlarında güclü yağışa səbəb olub. Milli Meteoroloji Xidmət həftənin qalan hissəsində daha az yağış gözlənildiyini, lakin bəzi ərazilərdə suların çəkilməsinin günlər və ya həftələr çəkə biləcəyi barədə xəbərdarlıq edib.