"ABŞ NATO daxilində hansı havanı çalırsa, tərkibindəki dövlətlər də onu oynayır" - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp bu dəfə gündəmə Avropadakı hərbçilərinin çıxarılması ilə bağlı qərarı ilə gəlib. Pentaqon bildirib ki, ABŞ hökuməti Almaniyadan 5 min hərbiçisini çıxaracaq. Maraqlıdır ki, bu addım ABŞ-nin NATO-dan çıxmasının ilk mərhələsi ola bilərmi? Çıxarılan qüvvələr əsasən Vilsek şəhərindəki briqada döyüş qrupunu əhatə edir.
Daha önəmlisi, ABŞ Almaniyada yerləşdirməyi planlaşdırdığı “Tomahawk” və hipersəs raketləri batalyonunun yerləşdirilməsini də ləğv edib. Almaniyanın müdafiə naziri isə buna cavab olaraq bildirib ki, ölkəsi 2029-cu ilə qədər müharibəyə hazır olmalıdır. Bu açıqlama bir növ Rusiya ilə baş verə biləcək müharibə ehtimalına cavab kimi qiymətləndirilə bilər.
Bütün bu proseslər yeni müharibənin başlanacağından xəbər verir, yoxsa pərdəarxasında başqa məqamlar var?
Bununla bağlı Patrul.az-a politoloq Azad Məsiyev öz rəyini bildirib.
O bildirir ki, ABŞ-nin bu addımları Avropa ilə Rusiyanı qarşı-qarşıya qoymaq məqsədi daşıyır ki, nəticədə hər iki tərəfin iqtisadiyyatı zəifləsin:
“NATO blokunda əsas söz sahibi ABŞ-dir. Amerika bu blokda həm iqtisadi, həm siyasi, həm də hərbi gücə malik dövlətdir. Bir sözlə, ABŞ bu təşkilat daxilində hansı havanı çalırsa, tərkibindəki dövlətlər də onu oynayır. Vaşinqtonun özünəməxsus strategiyası var və hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu strategiya davam etdirilir.
Trampın hakimiyyətə gəlməsi ilə ABŞ strategiyasında yeni bir taktiki mərhələ başlayıb. Amerika strategiyasına görə ABŞ üçün üç əsas təhlükə mövcuddur. Onlardan biri Avropanın pul vahidi olan avrodur. Çünki avro ABŞ-nin pul vahidi olan dollarla dünya valyutası kimi rəqabət aparır. Amerikanın gücü tankda, topda və ya raketdə deyil, əsas gücü dollardadır. Dollar dünya valyutası kimi zəifləsə, Amerika da zəifləyər. Bu baxımdan uzun müddətdir ki, avro dolların dəyərinə təsir edir və dünya bazarında aparıcı valyutaya çevrilməkdədir. ABŞ isə bu təhlükəni azaltmaq üçün Avropanı münaqişələrə cəlb etməyə çalışır. ABŞ bu strategiyanı həyata keçirmək üçün Rusiya-Ukrayna müharibəsinin yaranmasına şərait yaratdı. Bu münaqişə Avropa iqtisadiyyatını zəiflətməyə hesablanmış siyasətin tərkib hissəsidir.
ABŞ-nin Avropada yüz mindən çox hərbi qüvvəsi var. Onların 35 mini Almaniyada yerləşdirilib. Almaniyada hələ İkinci Dünya müharibəsindən sonra ABŞ-nin böyük hərbi bazası yaradılıb və NATO-nun formalaşmasından sonra bu baza daha da genişləndirilib”.
Politoloq Trampın formalaşdırdığı strategiyanın məqsədini də izah edib:
“Son dövrlərdə Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-nin Avropa İttifaqına qarşı yeni taktiki yanaşması formalaşıb – şantaj siyasəti. Tramp açıq şəkildə bəyan edib ki, ABŞ NATO-nu əvvəlki kimi maliyyələşdirməyəcək. Bu baxımdan təşkilata üzv dövlətlər ümumi daxili məhsulun 5 faizini NATO üçün ayırmalıdır. Bu isə o deməkdir ki, Avropa dövlətləri iqtisadiyyata yönəltdikləri vəsaiti hərbi sahəyə də yönəltməli olacaqlar. Nəticədə bu, Avropa iqtisadiyyatının zəifləməsinə gətirib çıxara bilər.
Almaniya ABŞ-nin bu 5 faizlik təklifinə cavab olaraq bildirib ki, bu məsələyə yalnız 2036-cı ildən sonra baxıla bilər. Yəni hazırda buna real imkan yoxdur. Ukrayna münaqişəsindən sonra müxtəlif media resurslarında Rusiya ilə Avropa arasında mümkün münaqişə ilə bağlı məlumatlar yayılır. Bu isə Avropaya təzyiq vasitəsi kimi istifadə olunur. Xüsusilə Almaniyadan 5 min hərbçinin çıxarılması Avropaya bir mesajdır: əgər ABŞ-nin tələbləri qəbul edilməzsə, Amerika öz hərbi qüvvələrini Avropadan çıxara bilər. Bu isə Avropanın təhlükəsizliyi üçün ciddi risk yaradar. ABŞ Avropanı Rusiya ilə bağlı təhlükə ilə üz-üzə qoyaraq öz məqsədlərinə çatmağa çalışır”.

A.Məsiyevin sözlərinə görə, Vaşinqton hökuməti vaxtilə Ukrayna ilə Rusiya arasında müharibənin yaranmasına təsir etməklə həm Avropanı, həm də Rusiyanı zəiflətdi və indi bu siyasəti davam etdirməyə çalışır:
“Qeyd edim ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Avropa ölkələrinin Rusiyada təxminən 800 milyard dollar sərmayəsi var idi. Bu sərmayə həm Rusiya iqtisadiyyatını gücləndirir, həm də Avropa ilə Rusiya arasında iqtisadi-siyasi münasibətləri möhkəmləndirirdi. Avropanın iqtisadi gücü onun pul vahidi olan avronun möhkəmlənməsi deməkdir ki, bu da dollar üçün təhlükə yaradır. Ukrayna münaqişəsi ilə Avropa ilə Rusiya arasındakı əlaqələr zəiflədi. Nəticədə Avropa iqtisadiyyatına ciddi zərbə dəydi.
ABŞ Almaniyaya dəfələrlə “Şimal axını-2” qaz kəmərinin çəkilməməsi ilə bağlı təzyiqlər göstərirdi. Çünki bu layihə Almaniya iqtisadiyyatının güclənməsinə xidmət edirdi. İqtisadiyyatın əsas dayaqları enerji və xammaldır. Almaniyanın ağır sənayesi bu resursları əsasən Rusiyadan alırdı. Münaqişə nəticəsində bu axın kəsildi və Avropa iqtisadiyyatı bundan ciddi zərər gördü. Ümumilikdə ABŞ yeni taktika ilə Avropada iqtisadi zəifləmə yaratmağa və bu fonda öz maraqlarını təmin etməyə çalışır”.
Həmsöhbətimizin fikrincə, ABŞ Avropa ölkələrini İranla bağlı mümkün münaqişəyə də cəlb etməyə çalışır:
“İran məsələsi də bu strategiyanın bir hissəsidir. Almaniyadan hərbi qüvvələrin çıxarılması Avropaya təzyiq vasitəsidir. ABŞ ordusu Avropadan çıxarsa, bu regionda təhlükəsizlik balansı pozula və Avropa ilə Rusiya arasında gərginlik arta bilər. Bu isə böyük müharibə riskini artırır və Avropa ölkələrini ABŞ-nin tələblərini qəbul etməyə vadar edir.
Tramp açıq şəkildə bildirib ki, bəzi müttəfiqlər ABŞ-ni dəstəkləmir. Vaşinqton isə çalışır ki, Avropa ölkələri də müxtəlif münaqişələrə cəlb olunsun və ABŞ öz maraqlarını bu yolla həyata keçirsin. Bu baxımdan ABŞ-nin genişmiqyaslı strateji planı həyata keçirilir. NATO daxilində yaranan gərginlik də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
ABŞ açıq şəkildə bildirir ki, əgər onun siyasi, iqtisadi və hərbi tələbləri yerinə yetirilməzsə, NATO-dan çıxmaq ehtimalı var. Tramp bunu gizlətmir. Hesab edirəm ki, bu addımlar taktiki xarakter daşıyır və məqsəd ABŞ-nin strateji maraqlarını təmin etməkdir. Bu maraqların əsas hədəflərindən biri də avronun təsirini zəiflətməkdir. Ümumilikdə, Avropada baş verən proseslər iqtisadi zəifləmə və geosiyasi gərginlik yaratmağa yönəlib”.
Gülbəniz Səfərova






