"ABŞ və İran arasında hərbi qarşıdurma ehtimalı kifayət qədər yüksəkdir" - Politoloq
“Hazırkı vəziyyət ABŞ və İran arasında hərbi qarşıdurma ehtimalını əvvəlki dövrlərə nisbətən yüksəldir, çünki hər iki tərəf daha sərt ritorika və əməliyyat variantlarını dilə gətirir. Əgər belə bir hərbi qarşıdurma baş verərsə, regiondakı digər ölkələrin reaksiyaları müxtəlif olacaq”.
Bu sözləri ABŞ və İran arasında gərginləşən mövcud proseslərin yaratdığı hərbi qarşıdurma ehtimalını Patrul.az-a şərh edərən politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, İran və ABŞ arasında müharibə başlayarsa, bəzi ölkələr mövqelərini nümayiş etdirmək məqsədilə iki zidd qütbə bölünərək bu qarşıdurmaya qoşula bilərlər:
“Ərəb Körfəzi ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ və Oman ilkin mərhələdə ABŞ tərəfini dəstəkləməyə meylli görünə bilər. Çünki İran onların təhlükəsizlik balansına birbaşa təsir göstərir. Lakin bu dövlətlər eyni zamanda regionda sabitliyin qorunmasına üstünlük verirlər və genişmiqyaslı hərbi müdaxilədə birbaşa iştirakdan çəkinəcəklər. Onlar daha çox diplomatik və maliyyə dəstəyi, eləcə də ABŞ-ni siyasi səviyyədə dəstəkləməklə kifayətlənə bilərlər”.
Politoloqun fikrincə, bəzi İslam ölkələri ABŞ-yə humanitar yardım göstərə bilsə də, İsrailin müharibədə birbaşa ABŞ tərəfində iştirak etməsi mümkündür:
“İsrail bu kontekstdə ABŞ-nin hərbi əməliyyatlarında birbaşa iştirakda maraqlı ola bilər. Tel-Əviv ABŞ əməliyyatlarını strateji maraqlar baxımından dəstəkləyə bilər”.

R.Bayramov bu qarşıdurmada İranı dəstəkləyən Rusiya və Çinin mövqeyinə də toxunub:
“Rusiya və Çin isə təbii ki, ABŞ-nin addımlarını beynəlxalq hüquqa zidd və regionda geniş eskalasiyaya səbəb ola biləcək hərəkət kimi qiymətləndirəcək. Hər iki dövlətin İranı dəstək üçün hansısa hərbi addımlar atması inandırıcı deyil. Böyük ehtimalla onlar əsasən müvafiq bəyanatlar verməklə kifayətlənəcəklər”.
Həmsöhbətimiz, sonda Türkiyənin də neytral mövqe sərgiləyəcəyini vurğulayaraq bildirib ki, mümkün müharibə genişmiqyaslı xarakter daşımayacaq:
“Türkiyə və digərlərinin də neytral mövqe sətgiləyəcəyi gözləniləndir. Türkiyənin diplomatik kanallarla vasitəçilik təşəbbüsləri ilə çıxış edəcəyini də proqnozlaşdırmaq olar. Nəticə etibarilə, ABŞ və İran arasında hərbi qarşıdurma ehtimalı kifayət qədər yüksək görünür. Lakin belə bir münaqişənin genişmiqyaslı beynəlxalq müharibəyə çevrilməsi ehtimalı aşağıdır”.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın 28-də yerli valyutanın kəskin devalvasiyası və ölkədə mövcud iqtisadi problemlərə etiraz olaraq başlayıb. Etirazlar zamanı 2 mindən çox insanın həlak olduğu bildirilir.
Aksiya iştirakçılarına ABŞ Prezidenti Donald Trampın verdiyi dəstək isə onun İranla münasibətlərində gərginliyi daha da artırıb.
Gülbəniz Səfərova






