Adanadan ABŞ-yə uzanan dəhşətli ittiham: “John De Vil” kimdir?
ABŞ-də uşaq istismarıyla bağlı saxlanılan Adana sakini dəlil çatışmazlığı səbəbilə şərti azadlığa buraxılıb.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, Adananın Çukurova rayonunda yaşayan və internetdə “John De Vil” ləqəbi ilə tanınan 27 yaşlı şəxs ABŞ-də uşaq istismarı görüntülərinin paylaşılması ilə əlaqədar qurulan beynəlxalq şəbəkənin liderlərindən biri kimi göstərilərək saxlanılıb.
Polis İdarəsinin Kiber Cinayətlər Bölməsi tərəfindən aparılan araşdırmalar nəticəsində həmin şəxsin sosial media və veb saytlar üzərindən uşaqların cinsi məzmunlu görüntülərini paylaşdığı iddia olunub. ABŞ-nin Florida ştatında bu şəbəkəyə qarşı keçirilən beynəlxalq əməliyyatda sözügedən adamın adı hallanıb.
Onun evində aparılan axtarış zamanı 12 mobil telefon və 1 noutbuk ələ keçirilsə də, cihazlarda cinayətə dair hər hansı dəlil aşkarlanmayıb.
ABŞ-nin İtkin Düşən və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəzi tərəfindən yayılan məlumatlarda bu şəbəkənin qurbanı olan uşaqların insan alverinə məruz qaldığı bildirilib.
İddialarla bağlı polis bölməsində dindirilmə zamanı sözügedən şüphəli tək fəaliyyətinin oğurlanmış sosial media hesablarını satmaq olduğunu, haqqında deyilənləri eşidəndə isə şoka düşdüyünü və iddia edildiyi kimi hər hansı cinayətə qarışmadığını bildirib.
Qeyd edək ki, “John De Vil” ləqəbi ilə tanınan şəxs barəsində “İnformasiya sisteminin məlumatlarını korlama, məhv etmə, dəyişdirmə və əlçatmaz təqdim etmə” maddəsi ilə cinayət işi açılıb və o, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
İnterpolun onun üçün hər hansı qırmızı bülleten qərarı çıxarmadığı da təsdiqlənib.
Gülbəniz Səfərova