media-img-20260206-wa0206

Şəhərdə çoxmərtəbəli yaşayış binalarının ətrafında avtomobil saxlamaq artıq adi hala çevrilib. Bir çox sürücü maşınını binaların həyətində və ya giriş hissələrində park edir. Ancaq bu seçim hər zaman təhlükəsiz olmur. Belə ki, mənzillərin eyvanlarından ehtiyatsızlıq ucbatından müxtəlif əşyaların yerə düşməsi avtomobillərə ciddi ziyan vura bilir. Digər tərəfdən, xüsusilə küləkli hava şəraitində risk daha da artır – güclü küləyin təsiri ilə ağacların sınaraq maşınların üzərinə aşması nəticəsində sürücülər gözlənilməz maddi itkilərlə üzləşirlər.

Bəs ağacın maşının üzərinə aşması nəticəsində yaranmış ziyanı kim ödəməlidir?

5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov mövzu ilə bağlı Patrul.az-a bildirib ki, güclü külək zamanı ağacların avtomobillərin üzərinə aşması kimi hallar baş verdikdə ilk növbədə hadisə ilə bağlı polisə və ya FHN-ə məlumat verilməli, fakt rəsmi şəkildə sənədləşdirilməlidir:

“Avtomobilə dəyən ziyanın fotoları və video görüntüləri toplanmalı, şahidlər varsa qeydə alınmalıdır. Ağacın hansı quruma məxsus olduğu müəyyənləşdirildikdən sonra ziyanın ödənilməsi tələbi ilə həmin quruma müraciət edilə bilər. Razılıq əldə olunmazsa, məsələ məhkəmə qaydasında həll olunur”.

Vəkilin sözlərinə görə, icbari sığorta yalnız yol nəqliyyat hadisəsi nəticəsində əmlak və sağlamlığa dəyən zərərləri ödəyir:

“Təbii fəlakətlərin qarşısını almaq çətin olsa da, bunun həlli mümkündür.

Əgər avtomobil sahiblərinin kasko sığortası varsa, bu halda heç bir əlavə xərcə məruz qalmazlar. Əks halda, ödəniləcək məbləğ avtomobilin modelinə və dəymiş zərərin böyüklüyünə bağlı olaraq dəyişir”.

A.Abbasov əlavə edib ki, külək nəticəsində avtomobillərə dəyən ziyan yalnız kasko sığorta ilə qarşılanır:

“Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları haqqında” sənədin 28.1.6-cı maddəsinə əsasən, sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr nəticəsində dəymiş zərərlər kasko sığortasının təminatına daxildir”.

Ləman Sərraf


Bənzər xəbərlər