media-7333384d-98d7-4c6d-a8a4-c01d7e08a509

Müasir dövrdə informasiya əldə etməyin yolları tamamilə yeni bir mərhələyə qədəm qoyub. Xüsusilə, süni intellekt texnologiyaları sayəsində insanlar istədikləri məlumatları saniyələr içində əldə edir və onu analiz edərək istifadə edə bilirlər. Bu bir çox sahədə həm iş yükünü azaldır, həm də vaxtı daha səmərəli dəyərləndirməyə şərait yaradır. Lakin hər texnologiya kimi, süni intellekt də təkcə imkanlar qapısını açmır, eyni zamanda bəzi risklərin pəncərəsini də aralayır: Bir üzü həyatımızı asanlaşdıran möcüzə, digər üzü isə şəxsi sərhədlərimizi aşan potensial təhlükədir…
Zamanla bu texnologiya o qədər həyatımıza daxil olub ki, bir çoxları onu artıq şəxsi dostu, sirdaşı, bəzən isə psixoloji dəstək kimi görür. Lakin burada maraqlı bir sual yaranır: “Bu qədər yaxın olduğumuz süni intellektə verdiyimiz şəxsi məlumatlar harada və necə qorunur?”, “Bizi dinləyən, suallarımıza cavab verən bu sistemlər əslində nə qədər etibarlıdır?”.
Bu barədə Patrulaz.az-a İT eksperti Elvin Abbasov öz fikirlərini bölüşdü:
“Süni intellekt çox həssas bir mövzudur. Süni intellekt dedikdə, böyük bir modellər nəzərdə tutulursa, dələduzlar buradakı məlumatlardan istifadə edərək vətəndaşları inandırmaq üçün dırnaqarası faydalı kontent yaradırlar. Bu zaman onların əsas məqsədi bu yollarla vətəndaşları manipulyasiya etməkdir. Amma böyük dil modellərinin Azərbaycanın hər hansı fin kodunu və ya şəxsi məlumatlarını oğurlamaq kimi bir hədəfi yoxdur. Lakin böyük dil modellərinə qoşulmuş süni intellekt həlləri vasitəsilə məlumatların oğurlanması mümkündür. Çünki hərkəs bir həll yaradır və o həlli süni intellektə qoşur. Nəticədə, onlar saxtakarlıq edərək süni intellekt kimi bir həll yaratdıqlarını deyirlər. Misal olaraq, hər hansı “marketing həlli” və ya “oyun həlli” kimi vasitəsilərlə vətəndaşları həmin sistemə cəlb edirlər. Bu zaman sözügedən sistemin qeydiyyatından keçmiş vətəndaşların məlumatları əldə edilir. Bir sözlə, bu kimi şəxslər süni intellektdən ara vasitə kimi istifadə edirlər”.

media-5b98844e-0861-4227-b8af-7a2ea73b5630
İT mütəxəssislərinin də qeyd etdiyi kimi, süni intellekt çox həssas və diqqət tələb edən bir sahədir. Düzdür, süni intellekt həyatımıza sürət, rahatlıq və informasiya zənginliyi gətirsə də, onunla ehtiyatlı davranmaq, şəxsi məlumatların təhlükəsizliyinə diqqət yetirmək vacibdir. Texnologiyadan faydalanarkən, onu düzgün şəkildə yönləndirmək bizim əlimizdədir. Əks halda, bu gün həyatımızı asanlaşdıran texnoloji alət gələcəkdə düşüncələrimizi yönləndirən, qərarlarımızı təsir altına alan və bizi öz iradəmizdən uzaqlaşdıran güclü bir qüvvəyə çevrilə bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər