media-inshot_20250804_091807323

Gündəlik həyatda bir çox insan ağızdan gələn pis qoxudan şikayətlənir. Bəzi hallarda dişlər mütəmadi fırçalansa da, xoşagəlməz qoxu yenə də qalır. Bu isə sosial münasibətlərdə narahatlıq yaradaraq, qarşı tərəfdə istər-istəməz məsafənin yaranmasına səbəb olur. Üstəlik, əksər insanlar nəfəsindəki pis qoxunu özləri hiss etmirlər, yəni problemin fərqində belə olmurlar.

Dişlərin təmizlənməsinə baxmayaraq, ağızdan qoxu gəlirsə, bu, təkcə gigiyena problemi deyil, ciddi tibbi səbəblərin göstəricisi də ola bilər.

Patrulaz.az-a açıqlamasında həkim-terapevt Məlahət Hümbətqızı bildirir ki, pis nəfəsin əsas səbəblərindən biri məhz ağız gigiyenasına düzgün əməl olunmamasıdır.

O, problemin kökündə duran tibbi və gigiyenik səbəbləri açıqlamaqla yanaşı, pis nəfəsin qarşısını almağın ən effektiv yollarını da qeyd edir:

media-inshot_20250804_091946883

“Ağızdan qoxunun gəlməsi tibbi dildə “halitoz” adlanır və bunun  bir çox səbəbləri ola bilər. Gündəlik ağız gigiyenasına riayət etməmək, diş çürüməsi və diş əti xəstəlikləri, həzm sistemi xəstəlikləri, qurd  xəstəlikləri,  boğaz  və burun xəstəlikləri, yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri,  boğaz əti, bəzi qidaların qəbulu və s. ola bilər. Əlbəttə ki, belə hal  insan üçün böyük narahatlıq yaradır.  Ağızdan  pis qoxunun gəlməsinin səbəblərindən ən başlıca ağız  gigiyenasına diqqət yetirilməməsidir.

Dişlərin çürüməsi, qida qalıqları, bakterial infeksiyaların artmasına, ağızda olan floranın balanssızlaşmasına səbəb olur. Nəticədə bütün bunlar ağız qoxusunun yaranmasına gətirib çıxarır. Bəzən diş ipindən və diş fırçasından düzgün istifadə etmədikdə, dişlərin arasında qalan qida da pis qoxuya səbəb olur. Dilin təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. Dil təmizlənmədikdə dilin  səthinə  yığılan bakteriya nəfəsin pis qoxumasına səbəb ola bilir”.

Həkim-terapevt bildirir ki, ağızdan gələn pis qoxunun səbəblərindən biri də uzun müddət aclıq və nizamsız qidalanmadır:

“Ağızdan pis qoxunun səbəblərindən biri də uzun müddət aclıq etmək və nizamsız qida qəbuludur. Yəni, aclıq zamanı tüpürcək ifrazı azalır və ağızda quruluq baş verir. Bu da ağızda bakteriyaların artmasına səbəb olur. Tez-tez qidalanmaq da ağızda qida qalıqlarının uzun müddət qalmasına və bakteriyaların artmasına səbəb olur. Ona görə dilin və dişin təmizliyi çox vacibdir. Uzun müddətli aclıq bədəndə “keton” cisimlərin artmasına, ağızda pis qoxunun yarmasına səbəb olur. Dişləri tez- tez fırçalamaq, ağız təmizləyicilərdən istifadə etmək sağlamlıq üçün faydalıdır”.

M. Hümmətqızı ağız qoxusunun yalnız gigiyenik səbəblərlə məhdudlaşmadığını, bəzi daxili orqan xəstəliklərinin də bu problemin yaranmasında rol oynadığını bildirir. Onun sözlərinə görə, xüsusilə mədə xəstəlikləri, o cümlədən reflüks (GERD) sindromu, mədə turşusunun ağız boşluğuna doğru qayıtması ilə müşahidə olunur ki, bu da nəfəsdə kəskin və narahatedici qoxunun yaranmasına səbəb olur:

“Mədə xəstəlikləri, xüsusilə reflüks xəstəliyi, mədə turşuluğunun ağız boşluğuna qayıtması da ağızdan pis qoxuya səbəb olur. Bundan başqa qeyd edim ki, qaraciyər, böyrək xəstəliklərində də bədənə yığılan toksin maddələr ağız vasitəsilə xaric olur və pis qoxuya səbəb olur. Diabet xəstələrində də  nəfəslərindən “aseton qoxu”su  gəlir. Badamcıqlarda yığılan qida qalıqları da bakteriyaların artmasına və ağız qoxusuna  səbəb olur. Bir çox qidaların qəbulu da ağızdan pis qoxunun gəlməsinə şərait yaradır. Sarımsaq, soğan və s. qeyd edə bilərik”.

Terapevtin fikrincə, hətta tütün məhsulları da təkcə insan sağlamlığına deyil, ağızda pis qoxuların yaranmasına şərait yaradır:

“Siqaret və tütün məmulatları da ağızda bakteriyaların artmasına səbəb olur ki, bu da nəfəsdə pis qoxunun yaranmasına  gətirib çıxarır. Siqaret çəkən insanlarda ağızda quruluq yaranır. Çünki tüpürcək ifrazı azalır. Bu zaman ağızda flora  pozulur. Siqaret çəkmək təkcə pis nəfəsə deyil, eyni zamanda dişlərin sağlamlığını da pozur”.

Məlahət Hümmətqızı yalnız ağızdan pis qoxuların yaranma səbəblərini sadalamaqla kifayətlənmir, problemin qarşısını almaq üçün ağız və diş sağlamlığını qorumağın sadə, lakin effektiv yollarını da açıqladı:

“Erkən diaqnoz və düzgün müalicə ilə ağız, qoxusunun qarşısını almaq olar. Diabet, qaraciyər, böyrək, mədə xorası xəstəliklərində bakterial infeksiya  pis qoxuya səbəb ola bilər.  Düzgün mütəxəssislərə müraciət etmək çox vacibdir. Pis qoxunun səbəbləri həkim tərəfindən müəyyənləşdirilməlidir.

Əgər iy dişdən, diş ətindən gəlirsə, diş həkiminə müraciət olunmaldır. Əgər qoxu boğaz və mədədən gəlirsə, lor həkiminə,  terapevtə, qastrentoloqa  müraciət olunmalıdır.

Ümumiyyətlə ağız və diş sağlamlığını qorumaqla, ümumi sağlamlığımızı qorumuş oluruq. Bunun üçün gün ərzində  bunları etmək lazımdır:

• Çoxlu su qəbul etmək;

• Diş və dili təmizləmək, ağız yaxalayıcılardan istifadə etmək;

• Düzgün qidalanmaq;

• Siqaret və tütün məhsularından uzaq durmaq;

• Müntəzəm diş həkimində olmaq;

• Yemək yedikdən sonra dişləri fırçalamaq, ağzı yaxalamaq;

• Mixək, cəfərianə çeynəmək;

• Stresdən uzaq olmaq çox xeyirlidir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər