media-inshot_20260415_154333236

İllər keçdikcə insanların sağlam həyat tərzi – yorğunluğa və xəstəliklərə davamlılığı dəyişib. Əvvəllər hansısa bir yerimizdə ağrı olduqda ya babamız, ya da nənəmiz faydalı otlardan və digər təbii üsullardan istifadə edərək ağrılarımızı “dərmansız” keçirməyə çalışırdı. Amma indi cəmiyyətimizdə əvvəlki dövrlərlə müqayisədə insanlar hər hansı ağrı hiss edən kimi tez-tez ağrıkəsici dərmanlara müraciət edir. Halbuki bu dərmanlardan mütəmadi istifadə etməyin mənfi təsirləri olduğu bildirilir. Əgər bu doğrudursa, ağrını azaltmaq üçün hansı daha təbii üsullardan istifadə etmək olar?

Bu barədə Patrul.az-a Tibb elmləri doktoru, professor, həkim Adil Qeybulla bildirib ki, ağrıkəsicilərdən özbaşına deyil, yalnız həkim tövsiyəsi ilə istifadə edilməlidir:

“Ağrıkəsici o halda istifadə olunur ki, ağrını aradan qaldırmaq məqsədi daşıyır. Dünyanın əksər ölkələrində marketlərdə satılan “Ibuprofen” və “Paracetamol”un ağrıkəsici təsirləri var. Digər ağrıkəsicilər, xüsusilə narkotik təsirli olanlar qeydiyyatdadır və onların birbaşa satışı yoxdur. Yəni ağrıkəsici dərmanlar həkim tərəfindən təyin edildikdən sonra xəstə tərəfindən alınıb istifadə olunur.

Bəzi xəstəliklərdə, xüsusilə revmatik, autizm, onkoloji xəstəliklərdə və müxtəlif nevrologiyalarda (sinir sistemi xəstəliklərini öyrənən tibb sahəsi) insanlarda ağrılar yaranır və bu ağrılara qarşı müxtəlif dərmanlar qəbul edilə bilər. Bu dərmanlardan bəziləri ağrı faktorunu və onu törədən səbəbi aradan qaldırır, iltihabi prosesi götürür və s. Yəni ağrıkəsicilər həkimlərin təyinatı üzrə istifadə edilməlidir”.

media-inshot_20260415_152939321

Həmsöhbətimiz insanlarda ağır nəticələr yarada biləcək ağrıkəsicilərin də olduğunu vurğulayaraq, lazım gəldikdə onlardan da istifadə olunduğunu söyləyib:

“Ağrıkəsici dərmanların bəziləri, xüsusilə də qeyri-narkotik analgetiklər ulserogen təsirə malikdir. Yəni həzm traktında yara əmələ gətirə, qanaxma törədə bilər. Bu, əksər xəstələrdə müşahidə olunmur. Amma bəzi hallarda güclü qanaxmalar, mədə xorasının inkişafı kimi yan təsirlər yarana bilər. Bütün bunlar həmin dərmanların istifadəsinin əleyhinə deyil. Bu dərmanlar da lazım olduqda həkimlər tərəfindən xəstələrə tövsiyə edilir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər