“Aİ Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində çox maraqlıdır” - POLİTOLOQ
Brüssel – Avropa İttifaqı Azərbaycanla yenilənən əməkdaşlıq sazişi üzrə irəliləyişə hazırdır. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib ki, artıq bir neçə ildir müzakirə olunan sənəd üzrə işi yekunlaşdırmağın vaxtı çatıb. Qrono ümid etdiyini vurğulayıb ki, danışıqlar tezliklə bərpa olunacaq.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Patrul.az-a fikirlərini bölüşüb.
O, bu bəyanatın heç də təsadüfi xarakter daşımadığını düşündüyünü qeyd edib:
“Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun bu bəyanatı artıq yeni reallıqlar fonunda Azərbaycanın artan gücünün və təsir mexanizmlərinin rəsmi Brüssel tərəfindən birmənalı şəkildə qəbul edildiyinin aydın ifadəsi olaraq dəyərləndirilə bilər. Digər tərəfdən uzun müddətdir davam edən müzakirələr fonunda Avropa İttifaqı və bu İttifaq çərçivəsində olan bəzi institutsional qurumların Azərbaycanla münasibətlərdə qərəzli mövqe və qeyri-konstruktiv yanaşmalar nümayiş etdirdiyini aydın şəkildə müşahidə etdik. Lakin artıq həm regional münasibətlərdə kifayət qədər yeni yanaşmaların və təhlükəsizlik arxitekturasının formalaşdırılması, həm İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın artan nüfuzu və təsir mexanizmləri, eləcə də orta güc olaraq qlobal sistemdə bir çox məsələlərin müzakirəsində dövlət başçımızın fəal şəkildə iştirak etməsi, ona olan yüksək etimad Aİ-nin ölkəmizlə münasibətlərin yenidən formalaşdırılması istiqamətində belə mövqe nümayiş etdirməsinə təsir göstərən əsas faktorlardandır”.

A.Qurbanova əlavə edib ki, gələcəyə yönəlik münasibətlərin inkişaf dinamikasına nəzər yetirdikdə Avropa İttifaqı həm enerji təhlükəsizliyi, həm infrastruktur layihələri, nəqliyyat və logistika imkanları baxımından Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində çox maraqlıdır:
“Bu, artıq yeni qaydalar əsasında münasibətləri özündə ehtiva edən yeni yanaşma kimi də qiymətləndirilə bilər. Gələcəyə yönəlik imzalana biləcək hər hansı bir saziş, eyni zamanda bu istiqamətdə əldə olunacaq razılıqlar mütləq şəkildə Azərbaycanın maraqlarını və ortaya qoyduğu qətiyyətli mövqeyi ifadə edəcək formada müəyyən edilməlidir. Bu istiqamətdə danışıqların uğurlu olması hər iki tərəf üçün arzuolunandır”.
Ləman Sərraf






