media-whatsapp-image-2026-07-03-at-09-23-11

İranın Qum vilayəti üzrə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Fəthullah Cəmiri ölkənin keçmiş ali dini lideri Ayətullah Əli Xameneyinin vida mərasimi ilə bağlı diqqətçəkən bəyanat verib.

Patrul.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Komandan mərasimdə dəqiq nələrin baş verəcəyini qabaqcadan bilmədiklərini etiraf edərək, tədbirlər görüldüyünü qeyd edib:

“Vida mərasiminin bütün marşrutu müəyyən edilib. Lakin insan sıxlığı, qarşılama və nəqliyyatın hərəkət şəraiti səbəbindən nəyin baş verəcəyini dəqiq söyləmək mümkün deyil”.

Məlumata görə, Qum şəhərində keçiriləcək vida yürüşünün marşrutu Cəmkəran məscidindən şiələrin səkkizinci imamının bacısı Həzrəti Məsumənin hərəminə qədər müəyyən olunub.

Rəsmilər mərasimə qatılanların təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıqlar edirlər.

Xatırladaq ki, 2026-cı ilin fevralında ABŞ və İsrailin birgə hava hücumları nəticəsində Tehrandakı iqamətgahında həlak olan Əli Xameneyinin dəfn mərasimi müharibə şəraiti və təhlükəsizlik səbəbindən aylarla təxirə salınmışdı. Təsdiqlənmiş rəsmi qrafikə əsasən, dəfn prosesi bu il iyulun 4-dən 9-dək keçiriləcək.
Bu məqsədlə bu gün (iyulun 3-də) Tehranda dövlət başçılarının, xarici nümayəndə heyətlərinin və dini liderlərin iştirakı ilə rəsmi anım mərasimi təşkil olunur. İyulun 4-5-də isə paytaxtın “İmam Xomeyni Musallası” kompleksində ictimaiyyət üçün vida mərasimləri davam edəcək.
Qrafikə uyğun olaraq, cənazə Qum şəhərindəki yürüşdən sonra, iyulun 8-də İraqa – Bağdad, Nəcəf və Kərbəla müqəddəs ziyarətgahlarına aparılacaq. İyulun 9-da isə ali dini liderin öz vəsiyyətinə uyğun olaraq, Məşhəd şəhərindəki İmam Rza hərəmində son dəfn və basdırılma mərasimi icra olunacaq.

Qeyd edək ki, Tehran rəsmilərinin proqnozlarına görə, təkcə paytaxtdakı mərasimlərə 15-20 milyon, ölkə üzrə isə ümumilikdə 35 milyona yaxın insanın qatılacağı gözlənilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər