Kiyevdə dəhşət: 30 ölü, 90-dan çox yaralı - Zelenski matəm elan etdi
Rusiyanın 2 iyul tarixindən Ukraynanın paytaxtı Kiyevə endirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində həlak olan mülki şəxslərin sayı 30 nəfərə yüksəlib, xəsarət alanların sayı isə 90-ı ötüb.
Patrul.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Rəsmi məlumatlara görə, Rusiya ordusu eyni anda fərqli istiqamətlərdən Ukrayna ərazisinə ümumilikdə 570 hava hücumu vasitəsi (74 raket və 496 dron) tətbiq edib.
Hücum zamanı 25 ballistik raket və 12 zərbə dronu ölkə ərazisindəki 33 fərqli nöqtəyə birbaşa zərbə endirib. Təkcə çərşənbə axşamı gecəsindən cümə axşamı səhərinədək 20-dən çox məntəqənin atəşə tutulması nəticəsində 90-dan çox insan yaralanıb. Son sutka ərzində isə Kiyevdə 3 nəfər həlak olub.
Ukrayna Qırmızı Xaç Cəmiyyətinin hesabatında qeyd olunub ki, hava hücumları zamanı paytaxtda yerləşən və ölkənin ən böyük logistika qovşaqlarından biri sayılan mərkəzi humanitar anbar tamamilə yanaraq məhv olub. Hadisə nəticəsində anbarda saxlanılan 1,5 milyon avrodan çox dəyərində olan 320 000 ədəd humanitar yardım və təxirəsalınmaz tibbi-texniki avadanlıq yararsız hala düşüb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə rəsmi matəm elan edib.
Faktla bağlı araşdırmalar və dağıntıların təmizlənməsi işləri davam etdirilir.
Gülbəniz Səfərova






