Evlər boş qalıb, qiymətlər isə od tutub yanır! - Bazardakı bu disbalans nə vaxt bitəcək?
Boş qalan minlərlə mənzil fonunda kirayə qiymətlərinin yüksək qalması bazardakı ciddi disbalansı gündəmə gətirir. Təklif edilən mənzillərin bir hissəsinin kirayə bazarına çıxarılmaması və daşınmaz əmlakın gəlir məqsədilə saxlanması qiymətlərin enməsini məhdudlaşdırır. Bəs bu şəraitdə kirayə bazarında real qiymət tarazlığı necə formalaşa bilər?
Mövzu ilə bağlı Patrul.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, kirayə bazarında real qiymət tarazlığı yalnız təklif və tələbin daha sağlam şəkildə formalaşdığı halda mümkündür:
“Əgər çox sayda boş mənzil müxtəlif səbəblərdən kirayə bazarına çıxarılmırsa, bazarda süni təklif çatışmazlığı yaranır və bu da qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olur. Mənzil sahiblərinin əmlakı gələcəkdə daha yüksək qiymətə satmaq və ya dəyərinin artacağını gözləyərək boş saxlaması bu prosesi daha da gücləndirir”.

A.Nəsirli, qiymətlərin daha balanslı olması üçün boş qalan mənzillərin kirayə bazarına cəlb edilməsinin vacib olduğunu vurğulayıb:
“Təklif artdıqca kirayə verənlər arasında rəqabət güclənər və bu da qiymətlərin bazarın real imkanlarına uyğunlaşmasına şərait yaradar. Eyni zamanda yeni yaşayış layihələrinin artması, kirayə bazarında şəffaflığın təmin edilməsi və bazar iştirakçılarının daha rasional qərarlar verməsi də qiymət tarazlığının formalaşmasına müsbət təsir göstərə bilər.
Bununla yanaşı, əhalinin gəlir səviyyəsi, ipoteka imkanları, urbanizasiya və miqrasiya kimi amillər də kirayə qiymətlərinə təsir edir. Bu səbəbdən bazarda davamlı tarazlıq yalnız boş mənzillərin sayının çox olması ilə deyil, həm də iqtisadi və sosial amillərin uyğun şəkildə tənzimlənməsi nəticəsində mümkün ola bilər”.
Ləman Sərraf






