“Qonaq evi” işlətmək istəyənlər üçün BU tələblər tətbiq olunur – AÇIQLAMA
Son illər bölgələrdə turizmin canlanması bir çox ev sahibini rayondakı fərdi yaşayış evini qonaq evi kimi fəaliyyətə başlamağa həvəsləndirir. Bəs evi qonaq evinə çevirmək üçün hansı qanuni prosedurlar yerinə yetirilməlidir, hansı icazələr və qeydiyyat tələb olunur?
Mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Patrul.az-a bildirib ki, Milli Rezervasiya Platformasına daxil edilmək üçün qonaq evləri bir sıra tələblərə cavab verməlidirlər:
“Yeni qaydalara əsasən qonaq evlərində yaradılmış şərait, turistlər üçün müəyyən xidmətlər və təhlükəsizlik məsələlərini əhatə edir.
Əvvəla qeyd edək ki, qonaq evi (guest house) – xidməti personalı olan, səhər yeməyi təklif etmək imkanına malik olan yerləşmə vasitəsidir”.
Müsahibimiz, qonaq evlərinə tətbiq edilən minimum tələbləri sadalayıb:
“− 6 otaqdan artıq qonaq evlərində gündə ən azı 8 saat aktiv olan məlumat/əlaqə
nöqtəsi olmalıdır;
− Qonaq evləri xidmət personalına malik olmalıdır;
− məlumat xidməti əlçatan olmalıdır;
− Rezervasiya xidməti mövcud olmalıdır;
− Qonaq otaqları minimum 13 kv.m sahəyə malik olmalıdır;
− Əşyalar üçün saxlanc ərazisi olmalıdır;
− Qonaqlar üçün nəzərdə tutulmuş sahələrdə və ya otaqlarda internet xidməti
təqdim edilməlidir;
− Qonaqlar üçün nəzərdə tutulan, istifadəyə yararlı mətbəx ərazisi və əsas mətbəx
avadanlıqları olmalıdır;
− Ümumi istirahət və əyləncə zonası olmalıdır;
− Tələb əsasında otaqların həftəlik və ya gündəlik təmizlik xidməti təqdim
edilməlidir;
− Hər 6 çarpayı üçün ən azı bir qadın və bir kişi tualet/duş otağı mövcud olmalıdır;
− Təqdim edilən nömrələrdə təbii işıqlandırma mümkün olmalıdır;
− Birmərtəbəli binalarda hər 6 çarpayı sayına müvafiq, çoxmərtəbəli binalarda isə
hər mərtəbədə istifadəyə yararlı yanğınsöndürmə balonları yerləşdirilməlidir;
− Binadan insanların köçürülməsi üçün Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmış təxliyyə planı nəzərəçarpan yerdə divardan asılmalıdır;
− Hər bir qonaq təmiz çarpayı və yataq dəsti ilə təmin edilməlidir”.

Onun sözlərinə görə, burada məsələ sahibkarlıq fəaliyyəti üzrə qeydiyyatdan və turizm qanunvericiliyinə uyğun olaraq yerləşmə vasitəsi kimi qeydiyyatdan gedir:
“Kiməsə bir dəfə mənzil kirayə vermək fərqlidir, amma müntəzəm, gündəlik və ya qısamüddətli əsasda kirayə vermək gəlir əldə etmək məqsədi daşıdığı üçün Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti hesab olunur, bu fəaliyyətlə məşğul olmaq istəyən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanına “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə” verməklə uçota durmalıdırlar. Əlavə olaraq, fəaliyyət həyata keçirilən obyekt (ev) yerləşdiyi ərazi üzrə vergi orqanında ayrıca uçota alınır (obyekt kodlaşdırılır)”.
Evin “qonaq evi” statusunda fəaliyyət göstərməyi üçün sadəcə vergi qeydiyyatının kifayət etmədiyini vurğulayan F.Əkbərov əlavə edib:
“Dövlət Turizm Agentliyinin Turizm Reyestrində “yerləşmə vasitəsi” kimi qeydiyyat tələb olunur. Nazirlər Kabinetinin 86 saylı Qərarına əsasən yerləşmə vasitəsinin müdiriyyəti tərəfindən “məsul şəxs” təyin edilir və bu şəxs qonağın gəlmə vaxtında Qonaq Qeydiyyatı Proqramı vasitəsilə elektron qeydiyyatı aparır, çıxış zamanı da məlumat yenilənir. Bu, əvəzsiz dövlət proqramıdır, Qonaq Qeydiyyatı Proqramı Dövlət Turizm Agentliyi tərəfindən Turizm Reyestri əsasında formalaşdırılır və pulsuz təqdim olunur”.
Ləman Sərraf






